Mülk surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
(Mülk surəsi, 1)
- O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
(Mülk surəsi, 2)
- O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?
(Mülk surəsi, 3)
- Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.
(Mülk surəsi, 4)
- Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.
(Mülk surəsi, 5)
- Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis bir dönüş yeridir!
(Mülk surəsi, 6)
- Onlar cəhənnəmə atıldıqları zaman onun qaynayarkən çıxartdığı uğultunu eşidəcəklər.
(Mülk surəsi, 7)
- Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
(Mülk surəsi, 8)
- Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir elçi gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
(Mülk surəsi, 9)
- Onlar: “Əgər (elçiləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
(Mülk surəsi, 10)
- Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!
(Mülk surəsi, 11)
- Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Mülk surəsi, 12)
- Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlbdəkini biləndir.
(Mülk surəsi, 13)
- Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.
(Mülk surəsi, 14)
- Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın və Allahın ruzisindən yeyin. Dönüş Onadır!
(Mülk surəsi, 15)
- Yer sarsılacağı zaman göydəkinin (Allahın) sizi yerə batırmayacağından əminsinizmi?
(Mülk surəsi, 16)
- Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.
(Mülk surəsi, 17)
- Həqiqətən, onlardan əvvəlkilər də (elçiləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
(Mülk surəsi, 18)
- Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.
(Mülk surəsi, 19)
- Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? İnkar edənlər ancaq aldanırlar.
(Mülk surəsi, 20)
- Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.
(Mülk surəsi, 21)
- Elə isə üzüstə sürünənmi daha çox doğru yolda gedər, yoxsa düz bir yolda düzgün yeriyən kimsəmi?!
(Mülk surəsi, 22)
- De: “Sizi yaradan, sizə qulaq, göz və qəlb bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
(Mülk surəsi, 23)
- De: “Sizi yer üzündə çoxaldıb yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız”.
(Mülk surəsi, 24)
- Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər.
(Mülk surəsi, 25)
- De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
(Mülk surəsi, 26)
- Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.
(Mülk surəsi, 27)
- De: “Deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə, yaxud bizə rəhm etsə, bəs inkar edənləri acı əzabdan kim xilas edəcək?!
(Mülk surəsi, 28)
- De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman etmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.
(Mülk surəsi, 29)
- De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?”
(Mülk surəsi, 30)