Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
(Bəqərə surəsi, 35)
Xatırlayın ki, Musa ilə (Tur dağında vəhy üçün) qırx gecəliyinə sövdələşmişdik. O getdikdən sonra siz haqsızlıq edərək buzovu ilah qəbul etdiniz.
(Bəqərə surəsi, 51)
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Ondan (Musa Tur dağına getdikdən) sonra haqsızlıq edərək buzova sitayiş etdiniz.
(Bəqərə surəsi, 92)
Onlar etdikləri əməllərə (qazandıqları günahlara) görə ölümü əsla arzulamazlar. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 95)
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
(Bəqərə surəsi, 124)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar (yönəlməzlər). Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar özləri də bir-birinin qibləsinə tabe olan deyillər. Əgər sənə gələn elmdən sonra onların arzularına uysan, o zaman sən zalımlardan olarsan.
(Bəqərə surəsi, 145)
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
(Bəqərə surəsi, 229)
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz elçilərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 246)
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
(Bəqərə surəsi, 258)
İman edib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam olaraq verəcəkdir. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 57)
Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, onlar əsil zalımlardır.
(Ali İmran surəsi, 94)
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır.
(Ali İmran surəsi, 128)
Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün inkar edənlərin qəlbinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer nə pisdir!
(Ali İmran surəsi, 151)
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
(Maidə surəsi, 45)
Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 51)
Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar.
(Ənam surəsi, 21)
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər.
(Ənam surəsi, 33)
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Ənam surəsi, 52)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
Beləcə, qazandıqları (günahlara) görə zalımları bir-birinin dostu edərik.
(Ənam surəsi, 129)
De: “Ey qövmüm, əlinizdən gələni edin! Mən də (öz üzərimə düşəni) edirəm. Yaxın bir vaxtda (dünya) yurdunun sonunun kimin xeyrinə olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapa bilməzlər”.
(Ənam surəsi, 135)
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, - deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq.
(Ənam surəsi, 157)
(Allah buyurdu:) “Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.
(Əraf surəsi, 19)
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və inkar edən olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
(Əraf surəsi, 37)
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “Allahın lənəti zalımlara olsun!”
(Əraf surəsi, 44)
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman: “Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər.
(Əraf surəsi, 47)
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”
(Əraf surəsi, 150)
Elə isə Allaha qarşı yalan uyduran, yaxud Onun ayələrini yalanlayan kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, günahkarlar nicat tapmazlar.
(Yunis surəsi, 17)
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
(Yerə və göyə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və: “Zalımlar məhv olsun!” - deyildi.
(Hud surəsi, 44)
O daşlar Rəbbinin dərgahında işarələnmişdir və zalımlardan uzaq deyildir.
(Hud surəsi, 83)
Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” - dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi.
(Yusif surəsi, 23)
Yusif dedi: “Əşyamızı tapdığımız şəxsdən başqasını saxlamaqdan Allaha sığınırıq! Yoxsa, biz həqiqətən haqsızlıq etmiş olarıq”.
(Yusif surəsi, 79)
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (inkar edənlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(İbrahim surəsi, 22)
Allah iman edənləri möhkəm bir sözlə dünya həyatında da, axirətdə də möhkəmləndirər. Allah zalımları isə (haqq yoldan) azdırar. Allah istədiyini edər.
(İbrahim surəsi, 27)
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.
(İbrahim surəsi, 34)
Həqiqətən, Əykə xalqı da zalım idi.
(Hicr surəsi, 78)
Öz-özlərinə zülm edərkən canlarını mələklərin aldıqları kimsələr: “Biz heç bir pis iş görmürdük”, - deyərək təslim olarlar. Xeyr! Həqiqətən, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
(Nəhl surəsi, 28)
(Sən Quran oxuyarkən) onların hansı məqsədlə ona qulaq asdıqlarını və o zalımların öz aralarında fısıldaşaraq: “Siz yalnız ovsunlanmış bir adamın arxasınca gedirsiniz!” - dediklərini Biz çox yaxşı bilirik.
(İsra surəsi, 47)
Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
(İsra surəsi, 82)
Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”
(Kəhf surəsi, 15)
De: “Haqq sizin Rəbbinizdəndir. Ona görə də istəyən inansın, istəyən inkar etsin. Biz zalımlar üçün elə bir cəhənnəm hazırlamışıq ki, onun divarları onları hər tərəfdən əhatə edər. Əgər (susuzluğa görə) yardım istəsələr, onlara əridilmiş mədən kimi üzləri qızardan bir su ilə yardım olunar. O necə də pis içki və necə də pis məskəndir!
(Kəhf surəsi, 29)
O, özünə zülm edərək (küfrə düşmüş halda təkəbbürlənərək) bağına girib dedi: “Bunun yox olacağını əsla zənn etmirəm.
(Kəhf surəsi, 35)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
(Kəhf surəsi, 57)
Bizə gələcəkləri gün necə yaxşı eşidəcək və necə də yaxşı görəcəklər! Lakin zalımlar o gün açıq-aşkar bir zəlalət içindədirlər.
(Məryəm surəsi, 38)
Onlar: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - dedilər.
(Ənbiya surəsi, 14)
Onlardan hər kim: “Ondan başqa bir ilah da mənəm!” - deyərsə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
(Ənbiya surəsi, 29)
Onlar belə dedilər: “İlahlarımıza bunu kim edib? Həqiqətən, o, zalımlardandır!”
(Ənbiya surəsi, 59)
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
(Ənbiya surəsi, 64)
Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
(Ənbiya surəsi, 97)
(Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
(Həcc surəsi, 53)
Ey Rəbbimiz, bizi buradan çıxart! Əgər (bir daha küfrə) geri dönsək, həqiqətən, biz zalım olarıq”.
(Muminun surəsi, 107)
Onların qəlbində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və elçisinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır.
(Nur surəsi, 50)
Beləcə, Musa qorxu içində ətrafa göz qoya-qoya oradan çıxıb belə dedi: “Ey Rəbbim, məni zalım qövmdən xilas et!”
(Qəsas surəsi, 21)
O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
(Qəsas surəsi, 25)
Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
(Ənkəbut surəsi, 31)
Allaha qarşı yalan uyduran, yaxud özünə haqq gəldiyi zaman onu yalanlayan kimsədən daha zalım kim ola bilər? İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?!
(Ənkəbut surəsi, 68)
Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər?! Biz, əlbəttə, günahkarlardan intiqam alarıq.
(Səcdə surəsi, 22)
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.
(Əhzab surəsi, 72)
Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.
(Zumər surəsi, 24)
Allaha qarşı yalan uyduran və ona gələn həqiqəti (Quranı) yalanlayan kimsədən daha zalım kim ola bilər?! İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?!
(Zumər surəsi, 32)
Yer üzündə nə varsa, hamısı və onunla birlikdə bir o qədəri də zülm edənlərin olsaydı, qiyamət günü o pis əzabdan xilas olmaq üçün mütləq onu fidyə verərdilər. Halbuki (o gün) Allah tərəfindən onların qarşısına hesab etmədikləri şeylər çıxarılacaqdır.
(Zumər surəsi, 47)
Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların qəlbi ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır.
(Mömin surəsi, 18)
O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət və pis bir məskən vardır.
(Mömin surəsi, 52)
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə nə bir dostu, nə də bir köməkçisi olacaq.
(Şura surəsi, 8)
Yoxsa onların, Allahın izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 21)
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
(Şura surəsi, 22)
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
(Şura surəsi, 40)
Allah kimi haqq yoldan azdırarsa, bundan sonra onun heç bir himayədarı olmaz. Əzabı gördükləri zaman zalımların: “Geri dönmək üçün bir yol varmı?” – dediklərini görərsən.
(Şura surəsi, 44)
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən. İman edənlər isə: “Həqiqətən, ziyana düşənlər qiyamət günü özlərini və ailələrini ziyana salanlardır!” - deyərlər. Bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
(Şura surəsi, 45)
Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
(Zuxruf surəsi, 76)
Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.
(Casiyə surəsi, 19)
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini görüb iman etdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”.
(Əhqaf surəsi, 10)
Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.
(Hucurat surəsi, 11)
Daha əvvəl Nuh qövmünü də (O məhv etmişdi). Həqiqətən, onlar daha zalım və daha azğın kimsələr idi.
(Nəcm surəsi, 52)
Onların hər ikisinin sonu əbədi qalacaqları cəhənnnəmdir. Zalımların cəzası budur!
(Həşr surəsi, 17)
Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.
(Mumtəhənə surəsi, 9)
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
(Saff surəsi, 7)
Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.
(Cümə surəsi, 7)
Allah iman edənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.
(Təhrim surəsi, 11)
Onlar: “Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz (özümüzə) zülm etmişik”, - dedilər.
(Qələm surəsi, 29)
Onlar bir çoxlarını (haqq yoldan) azdırdılar. (Ey Rəbbim!) Sən də onların azğınlıqlarını artır!”
(Nuh surəsi, 24)
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)
O, dilədiyini Öz mərhəmətinə nail edər. Zalımlar üçün isə şiddətli bir əzab hazırlamışdır.
(İnsan surəsi, 31
)