Təhrim surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey elçi! Xanımların (səndən) razı qalsınlar deyə Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən? Allah bağışlayandır, rəhmlidir.
(Təhrim surəsi, 1)
- Allah sizin (lazım gələndə kəffarə ilə) andlarınızı pozmağınıza icazə vermişdir. Allah sizin himayədarınızdır. O hər şeyi biləndir, hikmət sahibidir.
(Təhrim surəsi, 2)
- Bir zaman elçi xanımlarından birinə gizlicə bir söz demişdi. Ancaq o bunu (başqalarına) xəbər verdiyi və Allah bu haqda elçisini məlumatlandırdığı zaman o zövcəsinə bunun bir qismini bildirmiş, bir qismini isə bildirməkdən imtina etmişdi. Bunu ona xəbər verdiyi zaman zövcəsi: “Bunu sənə kim xəbər verdi?” - demişdi. O da: “Hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah mənə xəbər verdi!” - demişdi.
(Təhrim surəsi, 3)
- (Ey elçi xanımları!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbiniz azmışdı. Əgər elçiyə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.
(Təhrim surəsi, 4)
- Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.
(Təhrim surəsi, 5)
- Ey iman edənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır.
(Təhrim surəsi, 6)
- (Ora girənlərə belə deyilər:) “Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin! Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz”.
(Təhrim surəsi, 7)
- Ey iman edənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah elçisini və onunla birlikdə iman edənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Onların nuru önlərindən və sağ tərəflərindən saçılar. Onlar: “Ey Rəbbimiz! Bizim üçün nurumuzu tamamla və bizi bağışla! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”, - deyərlər.
(Təhrim surəsi, 8)
- Ey elçi, inkar edənlərə və münafiqlərə qarşı cihad et və onlara qarşı sərt ol! Onların sığınacağı yer cəhənnəmdir. O necə də pis bir dönüş yeridir!
(Təhrim surəsi, 9)
- Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.
(Təhrim surəsi, 10)
- Allah iman edənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.
(Təhrim surəsi, 11)
- Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12)