Mumtəhənə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
(Mumtəhənə surəsi, 1)
- Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsiləcək, əlləri və dilləri ilə sizə pislik edəcəklər. Onlar sizin haqqı inkar etməyinizi istəyirlər.
(Mumtəhənə surəsi, 2)
- Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah etdiklərinizi görür.
(Mumtəhənə surəsi, 3)
- İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir!
(Mumtəhənə surəsi, 4)
- Ey Rəbbimiz, bizi inkar edənlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!”
(Mumtəhənə surəsi, 5)
- Şübhəsiz ki, onlarda həm sizin, həm də Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl bir nümunə vardır. Kim (haqdan) üz döndərərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyildir, hər cür tərifə layiqdir.
(Mumtəhənə surəsi, 6)
- Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir.
(Mumtəhənə surəsi, 7)
- Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
(Mumtəhənə surəsi, 8)
- Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.
(Mumtəhənə surəsi, 9)
- Ey iman edənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları inkar edənlərə geri verməyin! Nə bunlar onlara (inkar edənlərə) halaldır, nə də onlar (inkar edənlər) bunlara halaldır. Onların (inkar edənlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. İnkar edən qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (inkar edənlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Mumtəhənə surəsi, 10)
- Əgər zövcəniz (verdiyiniz mehri qaytarmadan) sizi tərk edib inkar edənlərə qoşularsa və siz onlara qalib gəlsəniz, zövcəsi getmiş kimsələrə (onları tərk edən zövcəsi üçün) xərclədikləri (mehr) qədər (qənimət) verin. İman etdiyiniz Allahdan qorxun!
(Mumtəhənə surəsi, 11)
- Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
- Ey iman edənlər! Allahın qəzəbinə gəlmiş kəsləri özünüzə dost tutmayın! Onlar inkar edənlərin ölülərdən ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər.
(Mumtəhənə surəsi, 13)