Nuh surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Biz ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl qövmünü xəbərdar etsin deyə Nuhu öz qövmünə göndərdik.
(Nuh surəsi, 1)
- O dedi: “Ey qövmüm, heç şübhəsiz, mən sizi açıq-aydın xəbərdar edən bir elçiyəm!
(Nuh surəsi, 2)
- Allaha ibadət edin və Ondan qorxun! Mənə də itaət edin ki,
(Nuh surəsi, 3)
- Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.
(Nuh surəsi, 4)
- Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim.
(Nuh surəsi, 5)
- Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı.
(Nuh surəsi, 6)
- Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
(Nuh surəsi, 7)
- Sonra mən onları ucadan dəvət etdim.
(Nuh surəsi, 8)
- Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım.
(Nuh surəsi, 9)
- Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”.
(Nuh surəsi, 10)
- (Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin,
(Nuh surəsi, 11)
- Mal-mülk və övladlar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın.
(Nuh surəsi, 12)
- Sizə nə olub ki, Allaha böyüklüyü yaraşdırmırsınız?
(Nuh surəsi, 13)
- Halbuki O sizi mərhələ-mərhələ yaratmışdır.
(Nuh surəsi, 14)
- Allahın yeddi göyü (bir-biri üstündə) qat-qat necə yaratdığını görmədinizmi?!
(Nuh surəsi, 15)
- Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.
(Nuh surəsi, 16)
- Allah sizi də yerdən bir bitki kimi bitirmişdir.
(Nuh surəsi, 17)
- Sonra sizi ora qaytaracaq və (axirətdə) sizi təkrar (dirildib) çıxardacaqdır.
(Nuh surəsi, 18)
- Allah yer üzünü sizin üçün döşəmişdir ki,
(Nuh surəsi, 19)
- Orada açılan geniş yollarda gəzib-dolaşasınız.
(Nuh surəsi, 20)
- Nuh dedi: “Ey Rəbbim! Bunlar mənə qarşı çıxaraq mal-mülkü və övladı özünə ziyandan başqa bir şey artırmayan kimsəyə tabe oldular.
(Nuh surəsi, 21)
- Onlar (mənə qarşı) çox böyük hiylələr qurdular.
(Nuh surəsi, 22)
- Və dedilər: “Nəbadə öz ilahlarınızı tərk edəsiniz! Vəddi, Süvanı, Yəğusu, Yəuqu və Nəsri qətiyyən tərk etməyin!”
(Nuh surəsi, 23)
- Onlar bir çoxlarını (haqq yoldan) azdırdılar. (Ey Rəbbim!) Sən də onların azğınlıqlarını artır!”
(Nuh surəsi, 24)
- Onlar öz günahları ucbatından suda boğuldular və cəhənnəmə atıldılar. Beləcə, Allahdan başqa yardımçılar da tapa bilmədilər.
(Nuh surəsi, 25)
- Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir inkar edəni sağ buraxma!
(Nuh surəsi, 26)
- Əgər onları sağ buraxsan, Sənin bəndələrini azdıracaq və əxlaqsız inkar edənlər dünyaya gətirəcəklər.
(Nuh surəsi, 27)
- Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)