Cümə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs, qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.
(Cümə surəsi, 1)
- Ümmilərə (təhsili olmayanlara) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir elçi göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.
(Cümə surəsi, 2)
- Allah (bu elçini) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə də göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir.
(Cümə surəsi, 3)
- Bu, Allahın lütfüdür, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
(Cümə surəsi, 4)
- Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz.
(Cümə surəsi, 5)
- De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”
(Cümə surəsi, 6)
- Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.
(Cümə surəsi, 7)
- De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Cümə surəsi, 8)
- Ey iman edənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
(Cümə surəsi, 9)
- Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!
(Cümə surəsi, 10)
- Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”
(Cümə surəsi, 11)