Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
(Bəqərə surəsi, 30)
Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” - dedi.
(Bəqərə surəsi, 31)
Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.
(Bəqərə surəsi, 34)
Kim Allaha, mələklərinə, elçilərinə, Cəbrailə və Mikailə düşmən olarsa, bilsin ki, Allah inkar edənlərin düşmənidir.
(Bəqərə surəsi, 98)
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə inkar edən olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək inkar edən oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də inkar edən olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!
(Bəqərə surəsi, 102)
Allahın, mələklərin və bütün insanların lənəti inkar edən olub və bu cürə ölənlərə olsun!
(Bəqərə surəsi, 161)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə birlikdə gəlməsini və işin bitirilməsinimi (məhv edilmələrinimi) gözləyirlər? (Bütün) işlər Allaha qaytarılacaqdır.
(Bəqərə surəsi, 210)
Elçiləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Bəqərə surəsi, 248)
Elçi və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman etmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və elçilərinə iman etmişlər. Biz Onun elçilərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
(Bəqərə surəsi, 285)
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)
Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir elçi olaraq Yəhyanı müjdə verir”.
(Ali İmran surəsi, 39)
Bir zamanlar mələklər demişdi: “Ey Məryəm! Həqiqətən, Allah səni seçib tər-təmiz etdi və aləmlərin (insanların) qadınlarından üstün tutdu.
(Ali İmran surəsi, 42)
O vaxt mələklər demişdilər: “Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir.
(Ali İmran surəsi, 45)
O sizə, mələkləri və elçiləri özünüzə ilah qəbul etməyi əmr etməz. Müsəlman olduqdan sonra heç o sizə inkar edən olmağı əmr edərmi?
(Ali İmran surəsi, 80)
Onların cəzası odur ki, Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir.
(Ali İmran surəsi, 87)
O zaman möminlərə belə deyirdin: “Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?”
(Ali İmran surəsi, 124)
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
(Ali İmran surəsi, 125)
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
(Nisa surəsi, 97)
Ey iman edənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba və daha əvvəl nazil etdiyi kitablara iman edin (imanınızda əzmkar olun)! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə, (haqdan) uzaq bir zəlalətə düşmüş olar.
(Nisa surəsi, 136)
Lakin Allah sənə nazil etdiyi (Quran) ilə şahidlik edir ki, onu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də (buna) şahidlik edirlər. Şahid olaraq Allah yetər!
(Nisa surəsi, 166)
Nə Məsih, nə də müqərrəb (Allah yanında uca məqama sahib olan) mələklər Allahın bəndəsi olmağı əsla özlərinə ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır.
(Nisa surəsi, 172)
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi.
(Ənam surəsi, 8)
Əgər onu (elçini) bir mələk etsəydik, şübhəsiz ki, onu da bir insan surətinə salar və yenə onları düşdükləri şübhəyə salardıq.
(Ənam surəsi, 9)
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”
(Ənam surəsi, 50)
Beləcə, yəqinliklə iman edənlərdən olması üçün İbrahimə göylərin və yerin hökmranlığını (əzəmətini) göstərdik.
(Ənam surəsi, 75)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah diləmədikcə onlar yenə iman etməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.
(Ənam surəsi, 111)
Onlar ancaq özlərinə mələklərin, yaxud, Rəbbinin və ya Rəbbinin bəzi əlamətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi əlamətlərinin gələcəyi gün, əvvəlcədən iman etməmiş və ya imanından bir xeyir qazanmamış kimsəyə artıq imanı fayda verməyəcək. De: “Gözləyin! Şübhəsiz, biz də gözləyirik”.
(Ənam surəsi, 158)
And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
(Əraf surəsi, 11)
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”.
(Əraf surəsi, 20)
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi.
(Ənfal surəsi, 9)
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! inkar edənlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi.
(Ənfal surəsi, 12)
Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək inkar edənlərin canlarını alarkən onları görəydin!
(Ənfal surəsi, 50)
(Ey elçi!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Allahı tənzih edərik, bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər.
(Yusif surəsi, 31)
Göy gurultusu həmd edərək Onu təsbeh edir (şəninə təriflər deyir). Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımları göndərərək dilədiyi kimsəni onunla müsibətə düçar edər. Onun cəzası şiddətlidir.
(Rad surəsi, 13)
(Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
Əgər doğru danışanlardansansa, bizə mələkləri gətirməli deyildinmi?!”
(Hicr surəsi, 7)
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman onlara möhlət verilməz.
(Hicr surəsi, 8)
Bir zaman Rəbbin mələklərə demişdi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan bir bəşər yaradacağam.
(Hicr surəsi, 28)
Beləliklə, bütün mələklər səcdə etdilər.
(Hicr surəsi, 30)
Allah Öz iradəsi ilə mələkləri vəhylə bəndələrindən dilədiyi kimsəyə göndərib buyurar: “Məndən başqa heç bir ilah olmadığına dair (bəndələrimi) xəbərdar edin və Məndən qorxun!”
(Nəhl surəsi, 2)
Öz-özlərinə zülm edərkən canlarını mələklərin aldıqları kimsələr: “Biz heç bir pis iş görmürdük”, - deyərək təslim olarlar. Xeyr! Həqiqətən, Allah sizin nələr etdiyinizi çox yaxşı bilir.
(Nəhl surəsi, 28)
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
(Nəhl surəsi, 32)
(İnkar edənlər) mələklərin onların yanına gəlməsini, yaxud Rəbbinin əmrinin gəlməsinimi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
(Nəhl surəsi, 33)
Göylərdə və yerdə olan hər bir canlı və mələklər təkəbbürlənmədən Allaha səcdə edirlər.
(Nəhl surəsi, 49)
(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz!
(İsra surəsi, 40)
Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.
(İsra surəsi, 61)
Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.
(İsra surəsi, 92)
De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə, onlara elçi olaraq göydən bir mələk göndərərdik”.
(İsra surəsi, 95)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Məryəm surəsi, 9)
Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
(Taha surəsi, 116)
Ən böyük dəhşət (qiyamət) onları kədərləndirməyəcəkdir. Mələklər onları: “Bu, (dünyada) sizə vəd olunan (xoşbəxt) gününüzdür!” – deyərək qarşılayacaqlar.
(Ənbiya surəsi, 103)
Allah mələklərdən də, insanlardan da elçilər seçər. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
(Həcc surəsi, 75)
Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
(Muminun surəsi, 24)
De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən və heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?”
(Muminun surəsi, 88)
Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
(Furqan surəsi, 7)
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
(Furqan surəsi, 22)
O gün göy ağ buludlarla yarılacaq və mələklər bölük-bölük endiriləcəkdir.
(Furqan surəsi, 25)
De: “Sizin üçün təyin edilən ölüm mələyi canınızı alacaq, sonra siz Rəbbinizə qaytarılacaqsınız”.
(Səcdə surəsi, 11)
Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri də sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir.
(Əhzab surəsi, 43)
Allah və mələkləri elçiyə dəstək olurlar. Ey iman edənlər! Siz də ona dəstək olun və könüldən bağlanın.
(Əhzab surəsi, 56)
O gün Allah onların hamısını toplayacaq, sonra mələklərə: “Bunlar sizə ibadət edirdilər?” - deyəcəkdir.
(Səba surəsi, 40)
Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Fatir surəsi, 1)
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.
(Yasin surəsi, 83)
Onlar (mələklərə məxsus olan) ən ali məclisə qulaq asa bilməzlər və hər tərəfdən qovularlar.
(Saffat surəsi, 8)
Yoxsa mələkləri dişi yaratmışıq və onlar da bunun şahidi olublar?!
(Saffat surəsi, 150)
Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.
(Sad surəsi, 69)
Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.
(Sad surəsi, 71)
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər.
(Sad surəsi, 73)
Mələklərin də Rəbbini həmd ilə təsbeh edərək ərşi əhatə etdiklərini görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.
(Zumər surəsi, 75)
Çünki elçilər onların yanına gəlib önlərindən və arxalarından (hər zaman və hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə də biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.
(Fussilət surəsi, 14)
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!
(Fussilət surəsi, 30)
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
(Şura surəsi, 5)
Rəhmanın xidmətçiləri olan mələkləri də dişi saydılar. Onların yaradılışınamı şahid oldular?! Onların şahidliyi yazılacaq və (axirətdə) sorğu-sual olunacaqlar.
(Zuxruf surəsi, 19)
Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)
Əgər istəsəydik, yer üzündə sizin yerinizə keçəcək mələklər yaradardıq.
(Zuxruf surəsi, 60)
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?!
(Məhəmməd surəsi, 27)
Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” - deyəcəkdir.
(Qaf surəsi, 23)
(Mələklərə belə əmr veriləcək:) Hər inadkar inkar edəni cəhənnəmə atın!
(Qaf surəsi, 24)
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allahın istədiyi və razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır.
(Nəcm surəsi, 26)
Axirətə inanmayanlar mələklərə qadın adları qoyurlar.
(Nəcm surəsi, 27)
(Ey elçi xanımları!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbiniz azmışdı. Əgər elçiyə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.
(Təhrim surəsi, 4)
Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.
(Haqqə surəsi, 17)
Mələklər və Ruh müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə Onun yanına yüksələrlər.
(Məaric surəsi, 4)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31)
Ruh və mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.
(Nəbə surəsi, 38)