Nəbə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Onlar bir-birindən nə haqqında soruşurlar?
(Nəbə surəsi, 1)
- Böyük xəbər (qiyamət) haqqında!
(Nəbə surəsi, 2)
- (O xəbər ki,) onun barəsində ixtilafdadırlar.
(Nəbə surəsi, 3)
- Xeyr! Onlar tezliklə biləcəklər.
(Nəbə surəsi, 4)
- Xeyr! Xeyr! Onlar tezliklə biləcəklər.
(Nəbə surəsi, 5)
- Biz yer üzünü döşəmədikmi?!
(Nəbə surəsi, 6)
- Dağları da dirəklər etmədikmi?!
(Nəbə surəsi, 7)
- Sizi (kişi və qadın olmaqla) cüt yaratdıq.
(Nəbə surəsi, 8)
- Yuxunuzu istirahət vasitəsi etdik.
(Nəbə surəsi, 9)
- Gecəni (sizin üçün) örtük etdik.
(Nəbə surəsi, 10)
- Gündüzü də (sizin üçün) çalışıb ruzi qazanma vaxtı etdik.
(Nəbə surəsi, 11)
- Üstünüzdə yeddi möhkəm göy inşa etdik.
(Nəbə surəsi, 12)
- Və (orada) çox parlaq bir qəndil (günəş) yaratdıq.
(Nəbə surəsi, 13)
- Topa buludlardan şırıl-şırıl tökülən su endirdik ki,
(Nəbə surəsi, 14)
- Onunla (torpaqdan) toxum və bitki çıxardaq,
(Nəbə surəsi, 15)
- Və (ağacları) bir-birinə sarmaşan bağlar (yaradaq).
(Nəbə surəsi, 16)
- Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.
(Nəbə surəsi, 17)
- Sura üfürüləcəyi gün siz dəstə-dəstə (Allahın hüzuruna) gələcəksiniz.
(Nəbə surəsi, 18)
- Göydə bir çox qapılar açılacaqdır.
(Nəbə surəsi, 19)
- Dağlar hərəkətə gətiriləcək və ilğım kimi olacaqdır.
(Nəbə surəsi, 20)
- Şübhəsiz ki, cəhənnəm pusqudadır.
(Nəbə surəsi, 21)
- O, azğınların gedəcəyi yerdir.
(Nəbə surəsi, 22)
- Onlar əsrlər boyu orada qalacaqlar.
(Nəbə surəsi, 23)
- Orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqlar.
(Nəbə surəsi, 24)
- Yalnız qaynar su və irin dadacaqlar.
(Nəbə surəsi, 25)
- (Etdikləri əməllərə) uyğun bir cəza olaraq!
(Nəbə surəsi, 26)
- Həqiqətən, onlar haqq-hesab olacağını gözləmirdilər.
(Nəbə surəsi, 27)
- Ayələrimizi tamamilə yalanladılar.
(Nəbə surəsi, 28)
- Biz hər şeyi (lövhi-məhfuzda) bir-bir yazmışıq.
(Nəbə surəsi, 29)
- Ona görə də dadın (əzabı)! Biz sizin yalnız əzabınızı artıracağıq.
(Nəbə surəsi, 30)
- Şübhəsiz, müttəqilər üçün qazandıqları uğurun mükafatı vardır;
(Nəbə surəsi, 31)
- Bağlar, üzümlüklər,
(Nəbə surəsi, 32)
- Sinələri tumurcuqlanmış həmyaşıd qızlar,
(Nəbə surəsi, 33)
- (İçki ilə) dolu qədəhlər!
(Nəbə surəsi, 34)
- Orada nə boş söz, nə də yalan eşidəcəklər.
(Nəbə surəsi, 35)
- Rəbbindən bir mükafat və artıqlaması ilə verilən bəxşiş olaraq!
(Nəbə surəsi, 36)
- (Bunlar) göylərin, yerin və onların arasındakıların mərhəmətli Rəbbi tərəfindəndir. Onlar Onun hüzurunda (izni olmadan) danışa bilməzlər.
(Nəbə surəsi, 37)
- Ruh və mələklərin səf-səf duracaqları gün yalnız Rəhman olan Allahın izin verdiyi kimsə danışa biləcək, o da həqiqəti söyləyəcəkdir.
(Nəbə surəsi, 38)
- O, haqq olan gündür. Elə isə istəyən Rəbbinə gedən bir yol tutar.
(Nəbə surəsi, 39)
- Həqiqətən, Biz sizi yaxın bir əzabla xəbərdar etdik. O gün insan (dünyada ikən) etdiyi əməllərinə baxacaqdır. inkar edən isə: “Kaş mən torpaq olaydım!” - deyəcəkdir.
(Nəbə surəsi, 40)