Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Siz ölü ikən sizi dirildən (yoxdan yaradan) Allahı necə inkar edirsiniz? O sizi yenə öldürəcək, sonra yenə dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqsınız.
(Bəqərə surəsi, 28)
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 54)
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, elçiləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
(Bəqərə surəsi, 61)
Vaxtilə bir nəfəri öldürüb onun (qatili) barəsində mübahisə etmişdiniz. Allah gizlətdiyinizi üzə çıxarandır.
(Bəqərə surəsi, 72)
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)
Onlara: “Allahın nazil etdiyinə iman edin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman edirik”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o, onların əllərindəkini təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçilərini öldürürdünüz?”
(Bəqərə surəsi, 91)
Allah yolunda öldürülənlərə “ölülər” deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
(Bəqərə surəsi, 154)
Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! İnkar edənlərin cəzası belədir.
(Bəqərə surəsi, 191)
Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
(Bəqərə surəsi, 251)
Biz o elçilərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman etdi, kimisi də inkar edən oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
(Bəqərə surəsi, 253)
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
(Bəqərə surəsi, 258)
Allahın ayələrini inkar edən, elçiləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!
(Ali İmran surəsi, 21)
Harada olursa olsunlar, Allahın və (mömin) insanların himayəsinə sığınanlar istisna olmaqla, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə düçar olmuşlar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar edir və elçiləri haqsız yerə öldürürdülər. Bu, (Allaha qarşı) üsyan etmələri və həddi aşmalarına görədir.
(Ali İmran surəsi, 112)
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
(Ali İmran surəsi, 156)
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir.
(Ali İmran surəsi, 157)
Ölsəniz də, öldürülsəniz də, hökmən Allahın hüzurunda toplanacaqsınız.
(Ali İmran surəsi, 158)
(Evlərində) oturub qardaşları barəsində: “Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki: “Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”
(Ali İmran surəsi, 168)
Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.
(Ali İmran surəsi, 169)
Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və elçiləri haqsız yerə öldürmələrini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” - deyəcəyik.
(Ali İmran surəsi, 181)
Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!
(Ali İmran surəsi, 193)
Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
(Ali İmran surəsi, 195)
Ey iman edənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.
(Nisa surəsi, 29)
Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi.
(Nisa surəsi, 66)
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)
Onlar sizin də özləri kimi inkar edən olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan (heç birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!
(Nisa surəsi, 89)
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
(Nisa surəsi, 93)
Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, elçiləri haqsız yerə öldürmələri və: “qəlbimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman edər.
(Nisa surəsi, 155)
“Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər.
(Nisa surəsi, 157)
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
(Maidə surəsi, 27)
Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
(Maidə surəsi, 28)
Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o, zərər çəkənlərdən oldu.
(Maidə surəsi, 30)
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
(Maidə surəsi, 32)
Allaha və elçisinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
(Maidə surəsi, 33)
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və onlara elçilər göndərmişdik. Hər dəfə bir elçi onlara, nəfsinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (elçilərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər.
(Maidə surəsi, 70)
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
(Maidə surəsi, 95)
Sizi gecə öldürən (yuxuladan), gündüz nə əldə etdiyinizi bilən, sonra müəyyən olunmuş vaxt (əcəl) tamamlansın deyə, gündüz vaxtı sizi dirildən (yuxudan oyandıran) Odur. Sonra dönüşünüz Onadır. Sonra Allah etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Ənam surəsi, 60)
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! Yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin! Sizin də, onların da ruzisini Biz veririk. Pis işlərin açıq olanına da, gizli qalanına da yaxın durmayın! Allahın haram buyurduğu cana haqsız yerə qıymayın! Bunlar, (Allahın) sizə əmrləridir. Ola bilsin ki, siz düşünüb anlayasınız.
(Ənam surəsi, 151)
Beləcə, onlar dişi dəvəni kəsib Rəbbinin əmrindən çıxdılar və: “Ey Saleh! Əgər sən (həqiqətən) elçilərdənsənsə, vəd etdiyini (əzabı) bizə gətir!” - dedilər.
(Əraf surəsi, 77)
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman etdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
(Əraf surəsi, 126)
Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğlanlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”.
(Əraf surəsi, 127)
Vaxtilə sizə əzabın ən şiddətlisini verən Firon əhlindən sizi xilas etdik. Onlar sizin oğlanlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir imtahan vardı.
(Əraf surəsi, 141)
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”
(Əraf surəsi, 150)
De: “Ey insanlar! Həqiqətən, mən göylərin və yerin hakimi olan Allah tərəfindən sizin hamınıza göndərilən elçisiyəm. Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Elə isə, həm Allaha, həm də Allaha və Onun sözlərinə iman edən ümmi (təhsili olmayan) elçi olan rəsuluna iman edin! Ona tabe olun ki, bəlkə siz doğru yolu tapa biləsiniz!”
(Əraf surəsi, 158)
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 17)
(Xatırla ki,) bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni (yurdundan) qovmaq üçün inkar edənlər sənə qarşı tələ qururdular. Onlar (sənə) tələ qurarkən Allah da (onlara) tələ qururdu. Allah tələ quranların ən güclüsüdür.
(Ənfal surəsi, 30)
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 5)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır.
(Tövbə surəsi, 116)
Həyat verən də, öldürən də Odur. Siz Ona döndürüləcəksiniz.
(Yunis surəsi, 56)
Ancaq onlar dəvəni kəsdilər. Saleh: “Yurdunuzda üç gün daha yaşayıb kef çəkin! Bu, yalan olmayan bir vəddir”, - dedi.
(Hud surəsi, 65)
(Qardaşları öz aralarında belə dedilər:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız”.
(Yusif surəsi, 9)
Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”.
(Yusif surəsi, 10)
Şübhəsiz ki, həyat verən də, öldürən də Bizik. (Hər şeyin) varisi də Bizik!
(Hicr surəsi, 23)
Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
(Nəhl surəsi, 70)
Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin! Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.
(İsra surəsi, 31)
Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (söz haqqı) ixtiyarı verdik. Ancaq o, həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) kömək edilmişdir.
(İsra surəsi, 33)
Yenə yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqları zaman (Xızır) onu öldürdü. Musa dedi: “Heç kimi öldürməmiş tər-təmiz bir canamı qəsd etdin? Həqiqətən, sən çox pis bir iş gördün!”
(Kəhf surəsi, 74)
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
(Həcc surəsi, 58)
Sizə həyat verən Odur. Sonra sizi öldürəcək, sonra təkrar dirildəcəkdir. Həqiqətən, insan çox nankordur.
(Həcc surəsi, 66)
Dirildən də, öldürən də Odur. Gecə və gündüzün dəyişməsi də Onun əlindədir. Yenə də düşünmürsünüzmü?
(Muminun surəsi, 80)
(İnkar edənlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə nə zərər, nə də xeyir verə bilən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.
(Furqan surəsi, 3)
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
(Furqan surəsi, 68)
Onların mənə isnad etdikləri bir günah da var. Buna görə də məni öldürmələrindən qorxuram”.
(Şuəra surəsi, 14)
O məni öldürəcək, sonra da dirildəcəkdir.
(Şuəra surəsi, 81)
Fironun arvadı (Asiyə) dedi: “(Bu uşaq) mənim və sənin üçün gözaydınlığıdır. Onu öldürməyin! Ola bilsin ki, onun bizə faydası toxunar, yaxud onu oğulluğa götürərik”. Halbuki, onlar (bu işin sonunun) fərqində deyildilər.
(Qəsas surəsi, 9)
Musa ikisinin də düşməni olan adamı yaxalamaq istəyərkən o belə dedi: “Ey Musa! Dünən bir nəfəri öldürdüyün kimi məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq zalım biri olmaq istəyirsən və xeyirxahlardan olmaq istəmirsən!”
(Qəsas surəsi, 19)
Bir nəfər şəhərin ən ucqar yerindən qaça-qaça gəlib belə dedi: “Ey Musa! Əyanlar səni öldürmək barədə məsləhətləşirlər. Dərhal buradan çıx! Mən sənə bunu tövsiyə edirəm”.
(Qəsas surəsi, 20)
Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşdüm. Ona görə də onların məni öldürmələrindən qorxuram.
(Qəsas surəsi, 33)
İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” - demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman edənlər üçün ibrətlər vardır.
(Ənkəbut surəsi, 24)
Allah sizi yaratmış, sonra sizə ruzi vermiş, sonra sizi öldürəcək, sonra da sizi (təkrar) dirildəcəkdir. (Allaha tay tutduğunuz) şərikləriniz arasında bunlardan hər hansı birini edə bilən biri varmı? O pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Rum surəsi, 40)
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
(Əhzab surəsi, 16)
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
(Əhzab surəsi, 26)
Onlar lənətləniblər. Harada görülsələr, tutulub öldürülərlər.
(Əhzab surəsi, 61)
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər.
(Mömin surəsi, 11)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
(Mömin surəsi, 26)
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
Dirildən də, öldürən də Odur. O, bir işin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
(Mömin surəsi, 68)
Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.
(Duxan surəsi, 8)
De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
(Casiyə surəsi, 26)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Həqiqətən, dirildən də, öldürən də Bizik. Axır dönüş Bizədir.
(Qaf surəsi, 43)
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir.
(Hədid surəsi, 2)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Sonra onun canını aldı və onu qəbrə qoydu.
(Əbəsə surəsi, 21)
Hansı günaha görə öldürüldü deyə.
(Təkvir surəsi, 9)
Ancaq onlar elçisi təkzib etdilər və dəvəni kəsdilər. Rəbbi də günahlarına görə onlara əzab göndərdi və oranı yerlə-yeksan etdi.
(Şəms surəsi, 14
)