Təkvir surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Günəş sarınıb büküləcəyi zaman,
(Təkvir surəsi, 1)
- Ulduzlar sönüb töküləcəyi zaman,
(Təkvir surəsi, 2)
- Dağlar hərəkətə gətiriləcəyi zaman,
(Təkvir surəsi, 3)
- On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman,
(Təkvir surəsi, 4)
- Vəhşi heyvanlar bir yerə yığılacağı zaman,
(Təkvir surəsi, 5)
- Dənizlər qaynayıb daşacağı zaman,
(Təkvir surəsi, 6)
- Ruhlar bədənlərə qovuşacağı zaman,
(Təkvir surəsi, 7)
- Diri-diri torpağa basdırılan qız uşağının soruşulacağı zaman -
(Təkvir surəsi, 8)
- Hansı günaha görə öldürüldü deyə.
(Təkvir surəsi, 9)
- Səhifələr (əməl dəftərləri) açılacağı zaman,
(Təkvir surəsi, 10)
- Göy sıyrılaraq qopardılacağı zaman,
(Təkvir surəsi, 11)
- Cəhənnəm alovlandırılacağı zaman,
(Təkvir surəsi, 12)
- Və cənnət yaxınlaşdırılacağı zaman,
(Təkvir surəsi, 13)
- Hər kəs (axirət üçün) nə gətirdiyini biləcəkdir!
(Təkvir surəsi, 14)
- And içirəm (gecə) görünüb (gündüz) gizlənən ulduzlara,
(Təkvir surəsi, 15)
- Üzüb gedən və qayıdıb gizlənən səyyarələrə,
(Təkvir surəsi, 16)
- Qaralmağa üz tutan gecəyə,
(Təkvir surəsi, 17)
- Və ağarmağa üz tutan dan yerinə!
(Təkvir surəsi, 18)
- O (Quran), dəyərli bir elçinin sözüdür.
(Təkvir surəsi, 19)
- O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.
(Təkvir surəsi, 20)
- Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.
(Təkvir surəsi, 21)
- Sizin yoldaşınız (Məhəmməd) divanə deyildir.
(Təkvir surəsi, 22)
- Həqiqətən, onu açıqaydın üfüqdə görmüşdü.
(Təkvir surəsi, 23)
- O, qeyb xəbərləri barəsində xəsis deyildir.
(Təkvir surəsi, 24)
- O (Quran), qovulmuş şeytanın sözü deyildir.
(Təkvir surəsi, 25)
- Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
(Təkvir surəsi, 26)
- O (Quran), aləmlər üçün yalnız bir öyüddür,
(Təkvir surəsi, 27)
- Sizdən doğru yolda getmək istəyənlər üçün.
(Təkvir surəsi, 28)
- Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.
(Təkvir surəsi, 29)