Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
Ey iman edənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir.
(Maidə surəsi, 101)
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
(Ənam surəsi, 19)
Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin!
(Əraf surəsi, 204)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
(Yunis surəsi, 15)
Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir.
(Yunis surəsi, 37)
(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik.
(Yusif surəsi, 2)
(Ey elçi!) Bu Quranı vəhy etməklə sənə (keçmiş ümmətlərə dair) hekayələrin ən gözəlini danışırıq. Həqiqətən, bundan əvvəl sən (bu hekayələri) bilməyənlərdən idin.
(Yusif surəsi, 3)
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)
Əlif, Lam, Ra! Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
(Hicr surəsi, 1)
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik.
(Hicr surəsi, 87)
O kəslər ki, Quranı hissələrə ayırdılar”.
(Hicr surəsi, 91)
Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın!
(Nəhl surəsi, 98)
Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir.
(İsra surəsi, 9)
Şübhəsiz, düşünüb ibrət almaları üçün bu Quranda (hər cür xəbərdarlıq və vədləri) bəyan etdik. Ancaq bu onları (haqdan) daha çox uzaqlaşdırdı.
(İsra surəsi, 41)
Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik.
(İsra surəsi, 45)
Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.
(İsra surəsi, 78)
Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan, zalımların isə yalnız ziyanını artıran ayələr nazil edirik.
(İsra surəsi, 82)
De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”.
(İsra surəsi, 88)
Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.
(İsra surəsi, 89)
Quranı insanlara yavaş-yavaş oxuyasan deyə, onu hissələrə (ayələrə və surələrə) ayırdıq və tədriclə nazil etdik.
(İsra surəsi, 106)
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür misallar çəkdik. Ancaq insan çox mübahisə edəndir.
(Kəhf surəsi, 54)
Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik!
(Taha surəsi, 2)
Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
(Taha surəsi, 113)
Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
(Taha surəsi, 114)
Elçi dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”.
(Furqan surəsi, 30)
İnkar edənlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik və onu hissə-hissə oxuduq (vəhy etdik).
(Furqan surəsi, 32)
Ta, Sin! Bu, Quranın və (haqqı) bəyan edən Kitabın ayələridir.
(Nəml surəsi, 1)
(Ey elçi!) Həqiqətən, Quran sənə hikmət sahibi və hər şeyi bilən Allah tərəfindən verilir.
(Nəml surəsi, 6)
Şübhəsiz, bu Quran İsrail oğullarına ixtilafda olduqları məsələlərin bir çoxunu xəbər verir.
(Nəml surəsi, 76)
Quran oxumağım da (əmr olunmuşdur). Artıq kim doğru yolu tutarsa, ancaq özü üçün doğru yolu tutmuş olar. Kim doğru yoldan azarsa, de ki: “Mən yalnız xəbərdar edənlərdənəm”.
(Nəml surəsi, 92)
(Ey elçi!) Şübhəsiz, Quranı (oxumağı və təbliğ etməyi) sənə fərz buyuran Allah səni qayıdacağın yerə (Məkkəyə) mütləq qaytaracaqdır. De: “Rəbbim kimin doğru yolu göstərdiyini və kimin açıq-aşkar zəlalət içində olduğunu ən yaxşı biləndir”.
(Qəsas surəsi, 85)
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Onlara möcüzə gətirsən də, inkar edənlər mütləq: “Siz ancaq batil şeylər uydurursunuz”, - deyəcəklər.
(Rum surəsi, 58)
İnkar edənlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.
(Səba surəsi, 31)
Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
(Yasin surəsi, 69)
Sad! Öyüd verən Qurana and olsun!
(Sad surəsi, 1)
İnsanlar öyüd alsınlar deyə Biz bu Quranda onlar üçün hər cür misal çəkdik.
(Zumər surəsi, 27)
Allahdan qorxsunlar deyə ərəb dilində qüsursuz bir Quran nazil etdik.
(Zumər surəsi, 28)
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır.
(Fussilət surəsi, 3)
İnkar edənlər: “Bu Quranı dinləməyin! O oxunarkən səs-küy salın ki, bəlkə səsinizlə onu üstələyəsiniz”, - dedilər.
(Fussilət surəsi, 26)
Əgər onu yad bir dildə Quran etsəydik, əlbəttə, onlar: “Onun ayələri izah olunmalı deyildimi? (Quran) yad dildə, (elçi) isə ərəb olarmı?” - deyəcəkdilər. De ki: “O, iman edənlər üçün doğru yol rəhbəri və şəfadır. İman etməyənlərə gəldikdə, onların qulaqlarında ağırlıq (karlıq) vardır və o (Quranı anlamaq) onlara qapalıdır. (Sanki) onlara uzaqdan səslənilir (və onlar heç bir şey başa düşmürlər).
(Fussilət surəsi, 44)
Beləcə, şəhərlərin anası (böyük şəhər) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
(Şura surəsi, 7)
Anlayıb dərk edəsiniz deyə Biz onu ərəbcə bir Quran etdik.
(Zuxruf surəsi, 3)
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar.
(Əhqaf surəsi, 29)
Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbində qıfıllarmı var?!
(Məhəmməd surəsi, 24)
Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman etmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!
(Qaf surəsi, 45)
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 17)
O, həqiqətən, dəyərli Qurandır.
(Vaqiə surəsi, 77)
Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
(Həşr surəsi, 21)
(Ey elçi!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
(Cin surəsi, 1)
Və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu!
(Müzzəmmil surəsi, 4)
(Ey elçi!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda cəhd edənləri bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Müzzəmmil surəsi, 20)
Şübhəsiz ki, onu (sənin yaddaşında) cəm etmək və oxutmaq Bizə aiddir.
(Qiyamət surəsi, 17)
Ona görə də Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə!
(Qiyamət surəsi, 18)
(Ey elçi!) Şübhəsiz ki, Biz sənə Quranı hissə-hissə nazil etdik.
(İnsan surəsi, 23)
Özlərinə Quran oxunduğu zaman səcdə etmirlər.
(İnşiqaq surəsi, 21)