Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ondan sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 52)
Ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 56)
Məni xatırlayın ki, mən də sizi xatırlayım! Mənə şükür edin və Məni inkar etməyin!
(Bəqərə surəsi, 152)
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
Ey iman edənlər, əgər yalnız Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Ona şükür edin!
(Bəqərə surəsi, 172)
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz.
(Bəqərə surəsi, 243)
Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə də Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız!
(Ali İmran surəsi, 123)
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
Əgər şükür edib iman etsəniz, Allah sizə niyə əzab versin? Allah şükürün əvəzini verəndir, hər şeyi biləndir.
(Nisa surəsi, 147)
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
(Maidə surəsi, 6)
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
(Maidə surəsi, 89)
Beləcə onların: “Allah aramızdan bunlaramı lütf etdi?” - demələri üçün bir qismini digərləri ilə imtahan etdik. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?!
(Ənam surəsi, 53)
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
(Ənam surəsi, 63)
And olsun ki, sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Nə qədər də az şükür edirsiniz.
(Əraf surəsi, 10)
Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”.
(Əraf surəsi, 17)
Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik.
(Əraf surəsi, 58)
Allah dedi: “Ey Musa! Mən vəhylərimlə və səninlə danışmağımla səni insanlardan seçib üstün tutdum. Ona görə də sənə verdiyimi al və şükür edənlərdən ol!”
(Əraf surəsi, 144)
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi.
(Ənfal surəsi, 26)
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
(Yusif surəsi, 38)
Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır.
(İbrahim surəsi, 5)
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.
(İbrahim surəsi, 7)
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)
Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlb bəxş etdi.
(Nəhl surəsi, 78)
Əgər yalnız Allaha ibadət edirsinizsə, Onun sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və Allahın nemətinə şükür edin!
(Nəhl surəsi, 114)
O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi.
(Nəhl surəsi, 121)
Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.
(İsra surəsi, 3)
Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi (müharibədəki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?
(Ənbiya surəsi, 80)
Sizin üçün (qurbanlıq) dəvələri də Allahın nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Ona görə də onlar ayaq üstə ikən üstlərində Allahın adını çəkin (və qurban olaraq kəsin)! Böyrü üstə düşdüyü zaman onlardan həm özünüz yeyin, həm də əl açan və ya açmayan kasıblara yedirin! Beləcə, şükür edəsiniz deyə onları (o heyvanları) sizin xidmətinizə verdik.
(Həcc surəsi, 36)
Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!
(Muminun surəsi, 78)
Düşünüb ibrət almaq və ya şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur.
(Furqan surəsi, 62)
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
(Nəml surəsi, 19)
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
(Nəml surəsi, 40)
Şübhəsiz ki, sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Nəml surəsi, 73)
Dincələsiniz, Onun lütfündən ruzi axtarasınız və şükür edəsiniz deyə sizin üçün gecəni və gündüzü yaratması Onun mərhəmətindəndir.
(Qəsas surəsi, 73)
Siz Allahı qoyub bütlərə ibadət edir və yalan sözlər uydurursunuz. Şübhəsiz ki, Allahı qoyub ibadət etdikləriniz sizə ruzi verə bilməzlər. Ona görə də ruzini Allahdan istəyin! Ona ibadət edin və Ona şükür edin! Siz Ona qaytarılacaqsınız”.
(Ənkəbut surəsi, 17)
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, lütfündən (nəsibinizi) axtarasınız və şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun (varlığının) dəlillərindəndir.
(Rum surəsi, 46)
Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Loğman surəsi, 12)
Biz insana ata-anasına yaxşı davranmsını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.
(Loğman surəsi, 14)
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Loğman surəsi, 31)
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz!
(Səcdə surəsi, 9)
Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13)
Səba qövmü üçün məskunlaşdıqları yerdə ibrət olan iki bağları vardı. Onlardan biri sağ, digəri isə sol tərəfdə idi. (Onlara belə deyilmişdi:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir diyar və bağışlayan bir Rəbb!”
(Səba surəsi, 15)
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Səba surəsi, 19)
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12)
Allah onlara mükafatlarını tam verər, hətta Öz lütfündən onlara bundan artığını da verər. Şübhəsiz ki, O, bağışlayandır, şükrün mükafatını verəndir.
(Fatir surəsi, 30)
Onlar belə deyəcəklər: “Qəm-kədəri bizdən dəf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükrün mükafatını verəndir.
(Fatir surəsi, 34)
Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?
(Yasin surəsi, 35)
Bu heyvanlarda onlar üçün bir çox fayda və içəcək süd də vardır. Onlar hələ də şükür etmirlərmi?
(Yasin surəsi, 73)
Əgər inkar edərsinizsə, bilin ki, Allah sizə möhtac deyildir. Buna baxmayaraq O, bəndələrinin inkar etməsinə razı olmaz. Əgər şükür etsəniz, O sizin bu şükrünüzdən razı qalar. Heç bir günahkar başqasının günahını yüklənməz. Sonra dönüşünüz Rəbbinizədir. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Şübhəsiz ki, Allah qəlbin içindəkini biləndir.
(Zumər surəsi, 7)
Xeyr! Allaha ibadət et və şükür edənlərdən ol!
(Zumər surəsi, 66)
Dincəlməyiniz üçün gecəni, görə bilməyiniz üçün də gündüzü yaradan Allahdır. Həqiqətən, Allah insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməz.
(Mömin surəsi, 61)
Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
(Şura surəsi, 23)
Əgər Allah istəsə, küləyi dayandırar və beləcə, gəmilər dənizdə dayanıb qalar. Çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Şura surəsi, 33)
Əmri ilə gəmilərin üzməsi və sizin də Onun lütfündən ruzi axtarmağınız və şükür etməyiniz üçün dənizi sizin xidmətinizə verən Allahdır.
(Casiyə surəsi, 12)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
(Qamər surəsi, 35)
Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!
(Vaqiə surəsi, 70)
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlb bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
(Mülk surəsi, 23)
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.
(İnsan surəsi, 2)
Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun.
(İnsan surəsi, 3)