Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.
(Ali İmran surəsi, 44)
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Vaxtilə həvarilərə belə ilham etmişdim: “Mənə və elçimə iman edin!” Onlar da: “İman etdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər.
(Maidə surəsi, 111)
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
(Ənam surəsi, 19)
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”
(Ənam surəsi, 50)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
Rəbbindən sənə vəhy edilənə tabe ol! Ondan başqa heç bir ilah yoxdur. Müşriklərdən də üz çevir!
(Ənam surəsi, 106)
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
(Ənam surəsi, 145)
Biz də Musaya: “Əsanı at!” - deyə vəhy etdik. Bir də baxdılar ki, (əsa ilana çevrilib) onların uydurduqları şeyləri udur.
(Əraf surəsi, 117)
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
(Əraf surəsi, 160)
Onlara bir ayə gətirmədiyin zaman: “Sən onu özündən uydurmalı deyildinmi?” - deyərlər. De: “Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman edən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”.
(Əraf surəsi, 203)
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! inkar edənlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi.
(Ənfal surəsi, 12)
Onlardan birinə: “İnsanları xəbərdar et və iman edənləri müjdələ ki, onlar üçün Rəbbi yanında bir doğruluq məqamı vardır”, - deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi?! İnkar edənlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır”, - dedilər.
(Yunis surəsi, 2)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
(Yunis surəsi, 15)
Musaya və qardaşına: “(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik.
(Yunis surəsi, 87)
(Ey elçi!) Sənə gələn vəhyə tabe ol və Allah (onlar barəsində) hökm verənə qədər səbir et! O, hökm verənlərin ən yaxşısıdır.
(Yunis surəsi, 109)
(Ey elçi!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
Nuha belə vəhy olundu: “Qövmündən (indiyə kimi) iman edənlərdən başqası artıq iman etməyəcəkdir. Elə isə onların etdiklərinə görə kədərlənmə!
(Hud surəsi, 36)
Gözümüzün qabağında və vəhyimizlə gəmini düzəlt! Zalımlar barəsində mənə heç bir şey demə! Şübhəsiz ki, onlar suda boğulacaqlar”.
(Hud surəsi, 37)
(Ey elçi!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
(Hud surəsi, 49)
(Ey elçi!) Bu Quranı vəhy etməklə sənə (keçmiş ümmətlərə dair) hekayələrin ən gözəlini danışırıq. Həqiqətən, bundan əvvəl sən (bu hekayələri) bilməyənlərdən idin.
(Yusif surəsi, 3)
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!”
(Yusif surəsi, 15)
(Ey Rəsulum!) Bu (Yusifin hekayəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
(Yusif surəsi, 102)
Səndən əvvəl də yalnız şəhər əhlindən vəhy etdiyimiz kişiləri elçi göndərdik. Onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər?! Şübhəsiz, təqva sahibləri üçün axirət yurdu daha yaxşıdır. Hələ də dərk etmirsinizmi?
(Yusif surəsi, 109)
(Ey elçi!) Beləcə, səni özlərindən əvvəl neçə-neçə ümmətlərin gəlib keçdiyi bir ümmətə elçi göndərdik ki, sənə vəhy etdiyimizi (Quranı) onlara oxuyasan. Ancaq onlar Rəhmanı inkar edirlər. De ki: “O mənim Rəbbimdir. Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. Tövbəm də Onadır!”
(Rad surəsi, 30)
İnkar edənlər isə elçilərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (elçilərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)
Səndən əvvəl də vəhy etdiyimiz kişilərdən başqasını elçi göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun!
(Nəhl surəsi, 43)
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur!
(Nəhl surəsi, 68)
Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, - deyə vəhy etdik.
(Nəhl surəsi, 123)
(Ey elçi!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.
(İsra surəsi, 39)
(Müşriklər) sənə vəhy etdiyimizdən başqa bir şeyi yalandan Bizə isnad edəsən deyə az qalsın səni azdıracaqdılar. Belə olan təqdirdə şübhəsiz ki, səni özlərinə dost qəbul edəcəkdilər.
(İsra surəsi, 73)
Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin.
(İsra surəsi, 86)
Rəbbinin kitabından sənə vəhy olunanı oxu! Onun kəlmələrini heç kim dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq da tapa bilməzsən.
(Kəhf surəsi, 27)
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
(Kəhf surəsi, 110)
Mən səni seçdim. Ona görə də vəhyə qulaq as!
(Taha surəsi, 13)
Bir zaman anana belə vəhy etmişdik:
(Taha surəsi, 38)
Şübhəsiz, bizə: “(Elçiləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.
(Taha surəsi, 48)
Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.
(Taha surəsi, 77)
Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
(Taha surəsi, 114)
(Ey elçi!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri elçi göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
(Ənbiya surəsi, 7)
(Ey elçi!) Səndən əvvəl: “Məndən başqa heç bir ilah yoxdur! Ona görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etmədiyimiz heç bir elçi göndərmədik.
(Ənbiya surəsi, 25)
De ki: “Mən sizi yalnız vəhy ilə xəbərdar edirəm. Karlar isə xəbərdar edildikləri zaman bu çağırışı eşitməzlər”.
(Ənbiya surəsi, 45)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
De: “Həqiqətən, mənə: “Sizin ilahınız yalnız tək olan ilahdır (Allahdır)!” - deyə vəhy olunur. Bəs indi siz müsəlman olacaqsınızmı?
(Ənbiya surəsi, 108)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Biz Musaya: “Bəndələrimlə gecə yola çıx! Şübhəsiz ki, siz (Firon və ordusu tərəfindən) təqib ediləcəksiniz”, - deyə vəhy etdik.
(Şuəra surəsi, 52)
Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu.
(Şuəra surəsi, 63)
Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma və kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”, - deyə vəhy etdik.
(Qəsas surəsi, 7)
(Ey elçi!) Musaya o əmri vəhy etdiyimiz əsnada sən qərb tərəfdə deyildin. Sən (bu hadisəyə) şahid olanlardan da deyildin.
(Qəsas surəsi, 44)
Sənə Kitab nazil olacağını gözləmirdin. Lakin o, Rəbbindən bir rəhmət olaraq sənə nazil olmuşdur. Ona görə də əsla inkar edənlərə dayaq olma!
(Qəsas surəsi, 86)
(Ey elçi!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir.
(Ənkəbut surəsi, 45)
Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Əhzab surəsi, 2)
(Sonra ona belə buyurduq:) “Geniş zirehlər düzəlt və toxuyarkən ölçüyə riayət et! Yaxşı işlər görün! Həqiqətən, Mən sizin etdiklərinizi görürəm”.
(Səba surəsi, 11)
De: “Əgər mən zəlalətə düşsəm, bu, yalnız mənim öz əleyhimə olar. Əgər doğru yolda gedirəmsə, bu, Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, yaxındır”.
(Səba surəsi, 50)
Sənə vəhy etdiyimiz Kitab (Quran) özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən bir həqiqətdir. Şübhəsiz, Allah bəndələrindən xəbərdardır, hər şeyi görəndir.
(Fatir surəsi, 31)
“Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”.
(Sad surəsi, 42)
Mən ancaq açıq-aydın xəbərdar edən bir elçi olduğum üçün mənə vəhy olunur”.
(Sad surəsi, 70)
(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”
(Fussilət surəsi, 6)
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
(Fussilət surəsi, 12)
Qüdrətli və hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.
(Şura surəsi, 3)
Beləcə, şəhərlərin anası (böyük şəhər) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
(Şura surəsi, 7)
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
(Şura surəsi, 13)
Allah insanla yalnız vəhy (ilham) vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.
(Şura surəsi, 51)
Biz sənə əmrimizdən olan bir ruhu (Quranı) vəhy etdik. Sən kitabın və imanın nə olduğunu bilmirdin. Lakin Biz onu bəndələrimizdən istədiyimizi haqq yola yönəldən bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən.
(Şura surəsi, 52)
Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan.
(Zuxruf surəsi, 43)
De: “İlk elçi mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm”.
(Əhqaf surəsi, 9)
O (Quran), yalnız ona göndərilən bir vəhydir.
(Nəcm surəsi, 4)
Bu zaman Allah Öz bəndəsinə vəhyini nazil etdi.
(Nəcm surəsi, 10)
(Ey elçi!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
(Cin surəsi, 1)
Çünki bunu ona Rəbbin vəhy etmişdir.
(Zəlzələ surəsi, 5
)