Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)
Rəbbinin yanında olanlar (mələklər), Ona ibadət etmək barəsində təkəbbürlənməz, Onun şəninə təriflər deyər və Ona səcdə edərlər.
(Əraf surəsi, 206)
Göy gurultusu həmd edərək Onu təsbeh edir (şəninə təriflər deyir). Mələklər də Onun qorxusundan (həmd edərək Onu təsbeh edirlər). Onlar Allah barəsində mübahisə edərkən O, ildırımları göndərərək dilədiyi kimsəni onunla müsibətə düçar edər. Onun cəzası şiddətlidir.
(Rad surəsi, 13)
Buna görə də həmd-səna ilə Rəbbini təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et) və səcdə edənlərdən ol!
(Hicr surəsi, 98)
Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır.
(İsra surəsi, 44)
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)
Səni çox təsbeh edək (şəninə təriflər deyək).
(Taha surəsi, 33)
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
(Taha surəsi, 130)
Onlar yorulub-usanmadan gecə-gündüz Allahı təsbeh edərlər.
(Ənbiya surəsi, 20)
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
(Ənbiya surəsi, 79)
(Həmin çıraqdan) ucaldılmasına və orada Öz adının zikr edilməsinə Allahın izin verdiyi evlərdədir. Orada səhər-axşam Onu təsbeh edərlər.
(Nur surəsi, 36)
Göylərdə və yerdə olanlarla qatar-qatar uçan quşların Allahı təsbeh etdiyini görmədinmi?! Onların hər biri öz duasını və təsbehini öyrənmişdir. Allah onların nə etdiklərini bilir.
(Nur surəsi, 41)
Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
(Furqan surəsi, 58)
Ona görə də axşam və səhər Allahı təsbeh edin!
(Rum surəsi, 17)
Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman edərlər.
(Səcdə surəsi, 15)
Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar və quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) və dəmiri onun üçün yumşaltdıq.
(Səba surəsi, 10)
Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı,
(Saffat surəsi, 143)
Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.
(Sad surəsi, 18)
Quşları da bütövlüklə ona ram etmişdik. Onların hamısı Allaha yönəlirdilər.
(Sad surəsi, 19)
Mələklərin də Rəbbini həmd ilə təsbeh edərək ərşi əhatə etdiklərini görəcəksən. Onların arasında ədalətlə hökm olunacaq və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.
(Zumər surəsi, 75)
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
Əgər onlar təkəbbürlənsələr, (bilsinlər ki,) Rəbbinin yanındakılar (mələklər) usanmadan gecə-gündüz Onu təsbeh edirlər.
(Fussilət surəsi, 38)
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
(Şura surəsi, 5)
Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
(Fəth surəsi, 9)
Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et!
(Qaf surəsi, 39)
Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!
(Qaf surəsi, 40)
Elə isə sən Rəbbinin hökmü gələnə qədər səbirli ol! Şübhəsiz ki, sən Bizim gözümüzün önündəsən (nəzarətimizdəsən). Ayağa (namaza) durduğun zaman Rəbbini həmd ilə təsbeh et!
(Tur surəsi, 48)
Gecənin bir vaxtında və ulduzlar batandan sonra da Onu təsbeh et!
(Tur surəsi, 49)
Ona görə də uca Rəbbinin adını təsbeh et!
(Vaqiə surəsi, 74)
Elə isə uca Rəbbinin adını təsbeh et!
(Vaqiə surəsi, 96)
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Hədid surəsi, 1)
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Həşr surəsi, 1)
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Həşr surəsi, 24)
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Saff surəsi, 1)
Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs, qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.
(Cümə surəsi, 1)
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. Hökmranlıq da, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir.
(Təğabun surəsi, 1)
Onların ən yaxşısı belə dedi: “Sizə deməmişdimmi ki, (Rəbbinizi) həmd-səna ilə təsbeh etməlisiniz?!”
(Qələm surəsi, 28)
Onlar: “Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz (özümüzə) zülm etmişik”, - dedilər.
(Qələm surəsi, 29)
Elə isə əzəmətli Rəbbinin adını təsbeh et!
(Haqqə surəsi, 52)
Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et!
(İnsan surəsi, 26)
Ən uca olan Rəbbinin adını təsbeh et!
(Əla surəsi, 1)
Rəbbinə həmd edərək Onu təsbeh et və Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.
(Nəsr surəsi, 3
)