Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o inkar edən donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
(Bəqərə surəsi, 258)
Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam.
(Ənam surəsi, 78)
(Allah gecənin zülmətindən) səhəri yarıb çıxarandır. O, gecəni bir istirahət vaxtı, günəşi və ayı da bir ölçü vasitəsi təyin etmişdir. (Bütün) bunlar yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın təqdiridir.
(Ənam surəsi, 96)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!
(Əraf surəsi, 54)
Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir.
(Yunis surəsi, 5)
Bir zaman Yusif atasına belə demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəşi və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.
(Yusif surəsi, 4)
Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman edəsiniz.
(Rad surəsi, 2)
O, (öz orbiti üzrə) dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.
(İbrahim surəsi, 33)
O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 12)
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.
(İsra surəsi, 78)
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
(Kəhf surəsi, 17)
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.
(Kəhf surəsi, 86)
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.
(Kəhf surəsi, 90)
Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən”.
(Taha surəsi, 119)
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
(Taha surəsi, 130)
Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edir.
(Ənbiya surəsi, 33)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik.
(Furqan surəsi, 45)
(Firon və ordusu) günəş doğarkən onların arxasınca düşdü.
(Şuəra surəsi, 60)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)
Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” - deyə soruşsan, onlar: “Allah!” - deyərlər. Bəs onlar necə olub (haqdan) döndərilirlər?!
(Ənkəbut surəsi, 61)
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Loğman surəsi, 29)
Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
(Fatir surəsi, 13)
Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.
(Yasin surəsi, 38)
Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
(Yasin surəsi, 40)
Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Zumər surəsi, 5)
Gecə, gündüz, günəş və ay Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Əgər yalnız Ona (Allaha) ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!
(Fussilət surəsi, 37)
Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et!
(Qaf surəsi, 39)
Günəş və ay müəyyən bir ölçüyə görə hərəkət edir.
(Rəhman surəsi, 5)
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.
(Nuh surəsi, 16)
Günəş və ay bir yerə gətirildiyi zaman,
(Qiyamət surəsi, 9)
Orada taxtlara söykəniblər. Onlar orada nə qızmar günəşi, nə də şaxtalı soyuğu görərlər.
(İnsan surəsi, 13)