Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bundan sonra siz (əhdinizdən) döndünüz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, həqiqətən, zərərçəkənlərdən olardınız.
(Bəqərə surəsi, 64)
Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
(Bəqərə surəsi, 251)
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 261)
Şeytan sizi yoxsulluqla qorxudar və sizə pis işləri (xəsisliyi) əmr edər. Allah isə sizə, Öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah (rəhməti ilə) genişdir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 268)
(Allah,) Öz rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 74)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 174)
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
(Ali İmran surəsi, 180)
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Nisa surəsi, 32)
Bu lütf Allahdandır. Hər şeyi bilən olaraq Allah yetər!
(Nisa surəsi, 70)
Əgər (ər-arvad) bir-birindən ayrılsalar, Allah hər ikisini Öz geniş (lütfü və neməti) ilə zəngin edər Allah (lütfü ilə) genişdir, hikmət sahibidir.
(Nisa surəsi, 130)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər.
(Tövbə surəsi, 75)
Ancaq Allah Öz lütfündən onlara (mal-mülk) verdiyi zaman xəsislik etdilər və üz çevirərək (sözlərindən) döndülər.
(Tövbə surəsi, 76)
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Tövbə surəsi, 117)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
(Hud surəsi, 3)
Xoşbəxt olanlar isə cənnətdədirlər. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, bitməz-tükənməz bir nemətdir.
(Hud surəsi, 108)
Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.
(Nəhl surəsi, 90)
Hamısına - onlara da, bunlara da (dünyanı istəyənlərə də, axirəti istəyənlərə də) Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (heç kimə) qadağan deyildir.
(İsra surəsi, 20)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Lakin bizim yolumuzda cihad edənləri, əlbəttə, Öz yollarımıza yönəldərik. Şübhəsiz ki, Allah yaxşı əməl sahibləri ilə birlikdədir.
(Ənkəbut surəsi, 69)
Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar.
(Loğman surəsi, 22)
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 80)
Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”.
(Saffat surəsi, 105)
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
(Saffat surəsi, 113)
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Saffat surəsi, 121)
Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı əməl sahiblərinin mükafatıdır.
(Zumər surəsi, 34)
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
(Əhqaf surəsi, 12)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Bu, Allahın lütfü və neməti sayəsindədir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Hucurat surəsi, 8)
Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.
(Zəriyət surəsi, 16)
Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!
(Rəhman surəsi, 60)
Kitab əhli Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklərini, lütfün yalnız Allahın əlində olduğunu və onu istədiyinə verəcəyini bilsinlər. Allah böyük lütf sahibidir.
(Hədid surəsi, 29)
Qənimətlər yurdları və mallarından uzaqlaşdırılan, Allahdan lütf və riza diləyən, Allaha və Onun elçisinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.
(Həşr surəsi, 8)
Bu, Allahın lütfüdür, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
(Cümə surəsi, 4)
Əgər Allaha gözəl bir borc versəniz, O sizin üçün onu (mükafatını) qat-qat artırar və sizi bağışlayar. Allah şükrün mükafatını verəndir, həlimdir.
(Təğabun surəsi, 17
)