Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.
(Bəqərə surəsi, 120)
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar (yönəlməzlər). Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar özləri də bir-birinin qibləsinə tabe olan deyillər. Əgər sənə gələn elmdən sonra onların arzularına uysan, o zaman sən zalımlardan olarsan.
(Bəqərə surəsi, 145)
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz.
(Ali İmran surəsi, 7)
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur.
(Ali İmran surəsi, 18)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”
(Ali İmran surəsi, 61)
Ancaq onlardan elmi güclü olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil edilənə iman edirlər. Namazı qılan, zəkatı verən, Allaha və axirət gününə iman edənlərə böyük mükafat verəcəyik.
(Nisa surəsi, 162)
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ də düşünüb ibrət almırsınızmı?
(Ənam surəsi, 80)
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir.
(Ənam surəsi, 119)
(Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!”
(Ənam surəsi, 143)
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
(Ənam surəsi, 148)
Biz onlara, (etdikləri əməlləri) elmlə (dəlil və sübutla) xəbər verəcəyik. Axı Biz (onlardan) uzaqda deyildik.
(Əraf surəsi, 7)
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
And olsun ki, İsrail oğullarını gözəl bir yurda yerləşdirdik və onlara təmiz nemətlər bəxş etdik. Onlara elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, qiyamət günü Rəbbin ixtilaf etdikləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Yunis surəsi, 93)
Yusif yetkinlik yaşına çatdığı zaman ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
(Yusif surəsi, 22)
Onlar atalarının buyurduğu yerlərdən daxil olsalar da, bu, Allahdan gələni onlardan dəf edə bilmədi. Yaqub sadəcə olaraq ürəyindən keçəni söyləmiş oldu. Həqiqətən, o, öyrətdiklərimiz sayəsində elm sahibi biri idi. Lakin insanların əksəriyyəti (bunu) bilməz.
(Yusif surəsi, 68)
Beləliklə, Biz onu ərəbcə bir hökm (qanun) olaraq nazil etdik. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allaha qarşı nə himayə edən, nə də qoruyan olar.
(Rad surəsi, 37)
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün inkar edənlər üçün rəzillik və pislik (əzab) vardır”.
(Nəhl surəsi, 27)
Sənə Ruhdan soruşarlar; de ki: “Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir.”
(İsra surəsi, 85)
De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal çənələri üstə düşüb səcdə edirlər.
(İsra surəsi, 107)
Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar.
(Kəhf surəsi, 65)
Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım.
(Məryəm surəsi, 43)
Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
(Taha surəsi, 98)
Luta gəldikdə, Biz ona hökm (elçilik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
(Ənbiya surəsi, 74)
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
(Ənbiya surəsi, 79)
Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbi rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman edənləri mütləq doğru yola yönəldər.
(Həcc surəsi, 54)
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin bəndələrinin çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.
(Nəml surəsi, 15)
O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!”
(Nəml surəsi, 42)
Musa yetkinlik yaşına çatdığı zaman Biz ona hikmət (elçilik) və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Qəsas surəsi, 14)
Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
(Qəsas surəsi, 80)
Əksinə, o (Quran), elm verilmiş kimsələrin sinələrində yer tutmuş açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edər.
(Ənkəbut surəsi, 49)
Elm və iman verilənlər isə (o günahkarlara) belə deyəcəklər: “And olsun ki, Allahın Kitabında (hökm verildiyi kimi) diriliş gününə qədər qaldınız. Bax bu, diriliş günüdür! Lakin siz onu inkar edirdiniz”.
(Rum surəsi, 56)
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər.
(Səba surəsi, 6)
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
Elçiləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
(Mömin surəsi, 83)
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.
(Şura surəsi, 14)
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur.
(Zuxruf surəsi, 61)
Şübhəsiz ki, Biz onları (İsrail oğullarını) bilərək aləmlərdən (digər insanlardan) üstün etdik.
(Duxan surəsi, 32)
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?
(Casiyə surəsi, 23)
De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki elçilərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
(Əhqaf surəsi, 4)
Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
Onlardan bəziləri gəlib səni dinləyər. Sonra yanından çıxıb getdikləri zaman, elm verilmiş kimsələrə: “O (Məhəmməd) bir az əvvəl nə deyirdi?” – deyə soruşarlar. Onlar Allahın qəlbinə möhür vurduğu və öz nəfsinin arzularına uyan kimsələrdir.
(Məhəmməd surəsi, 16)
Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
(Nəcm surəsi, 30)
Ey iman edənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman edənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.
(Mücadilə surəsi, 11
)