"SALEH (Ə.S.) VƏ SƏMUD QÖVMÜ" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar!
(Əraf surəsi, 73)
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!”
(Əraf surəsi, 74)
Qövmünün təkəbbürlü başçıları, özlərindən olan iman etmiş zəif kimsələrə belə dedilər: “Siz Salehin (həqiqətən) Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?!” Onlar: “Biz onunla göndərilənə inanırıq!” - dedilər.
(Əraf surəsi, 75)
Təkəbbürlənənlər: “Biz sizin inandığınızı inkar edirik”, - dedilər.
(Əraf surəsi, 76)
Beləcə, onlar dişi dəvəni kəsib Rəbbinin əmrindən çıxdılar və: “Ey Saleh! Əgər sən (həqiqətən) elçilərdənsənsə, vəd etdiyini (əzabı) bizə gətir!” - dedilər.
(Əraf surəsi, 77)
Buna görə də, o güclü sarsıntı onları bürüdü və öz evlərində diz üstə düşüb qaldılar.
(Əraf surəsi, 78)
O zaman (Saleh) onlardan üz döndərdi və dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin vəhyini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.
(Əraf surəsi, 79)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
(Hud surəsi, 61)
Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
(Hud surəsi, 62)
Saleh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət (elçilik) bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz.
(Hud surəsi, 63)
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”.
(Hud surəsi, 64)
Ancaq onlar dəvəni kəsdilər. Saleh: “Yurdunuzda üç gün daha yaşayıb kef çəkin! Bu, yalan olmayan bir vəddir”, - dedi.
(Hud surəsi, 65)
(Əzaba dair) əmrimiz gəldiyi zaman Salehi və onunla birlikdə iman edənləri mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından xilas etdik. Şübhəsiz ki, sənin Rəbbin güclüdür, qüdrətlidir.
(Hud surəsi, 66)
O qorxunc səs zalımları bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 67)
Sanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü Rəbbini inkar etmişdi. Səmud qövmü (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 68)
Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün və ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü də sizdən uzaq deyildir.
(Hud surəsi, 89)
Onlar sanki orada heç yaşamamışdılar. Bilin ki, Mədyən qövmü də Səmud qövmü kimi (Allahın mərhəmətindən) uzaq oldu.
(Hud surəsi, 95)
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
(İbrahim surəsi, 9)
Möcüzələr göndərməyimizə mane olan şey əvvəlkilərin onları yalanlamış olmasıdır. Biz Səmud qövmünə açıq-aşkar (bir möcüzə olaraq) dişi bir dəvə vermişdik. Ancaq onlar (dəvəni kəsdilər və) buna görə zalım oldular. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
(İsra surəsi, 59)
(Ey elçi!) Əgər səni yalanlayırlarsa, (bil ki,) onlardan əvvəl Nuh, Ad və Səmud qövmləri də (elçilərini) yalanlamışdılar.
(Həcc surəsi, 42)
Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri səbəbilə məhv etdik).
(Furqan surəsi, 38)
Səmud qövmü də elçiləri təkzib etdi.
(Şuəra surəsi, 141)
O zaman qardaşları Saleh onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
(Şuəra surəsi, 142)
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 143)
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 144)
Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
(Şuəra surəsi, 145)
Burada əmin-amanlıqda qalacaqsınız?
(Şuəra surəsi, 146)
Əkinlər və dəymiş meyvəli xurmalıqlarda?
(Şuəra surəsi, 148)
Siz dağlardan ustalıqla evlər yonub düzəldirsiniz.
(Şuəra surəsi, 149)
Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 150)
Həddi aşanların əmrinə itaət etməyin!”
(Şuəra surəsi, 151)
Onlar yer üzündə fəsad çıxarar, əmin-amanlıq yaratmazlar.
(Şuəra surəsi, 152)
Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmısan!
(Şuəra surəsi, 153)
Sən də bizim kimi bir insansan. Əgər doğru söyləyənlərdənsənsə, onda bir möcüzə gətir!”
(Şuəra surəsi, 154)
Saleh dedi: “Möcüzə bu dişi dəvədir. Müəyyən günlərdə onun və sizin su içmə haqqınız vardır.
(Şuəra surəsi, 155)
Ona heç bir zərər verməyin! Yoxsa böyük günün əzabı sizi yaxalayar”.
(Şuəra surəsi, 156)
Ancaq onlar onu tutub kəsdilər, sonra da peşman oldular.
(Şuəra surəsi, 157)
Buna görə də əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
(Şuəra surəsi, 158)
Həqiqətən, sənin Rəbbin qüdrətlidir, mərhəmətlidir.
(Şuəra surəsi, 159)
Şübhəsiz ki, Səmud qövmünə də Allaha ibadət etsinlər deyə qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə çəkişən iki qrupa ayrıldılar.
(Nəml surəsi, 45)
Saleh: “Ey qövmüm! Nə üçün yaxşılıqdan əvvəl pisliyə tələsirsiniz? Allahdan bağışlanmağınızı diləməli deyilsinizmi? Ola bilsin ki, sizə mərhəmət edilər”, - dedi.
(Nəml surəsi, 46)
Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”.
(Nəml surəsi, 47)
O şəhərdə fitnə-fəsad törədən və heç bir yaxşı iş görməyən doqquz nəfər var idi.
(Nəml surəsi, 48)
Onlar öz aralarında Allaha and içərək belə dedilər: “Gecə ona (Salehə) və ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə: “Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək.
(Nəml surəsi, 49)
Onlar bir hiylə qurdular. Biz də özləri də fərqinə varmadan onlara bir hiylə qurduq.
(Nəml surəsi, 50)
Gör onların hiylələrinin axırı necə oldu! Biz onları və onların qövmünü bütövlüklə məhv etdik.
(Nəml surəsi, 51)
Bu, haqsızlıqları səbəbilə çökmüş evləridir. Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır.
(Nəml surəsi, 52)
İman edib Allahdan qorxan kimsələri isə xilas etdik.
(Nəml surəsi, 53)
Ad və Səmud qövmünü də (məhv etdik). Bu (onların başına gələnlər), məskənlərindən sizə bəlli olmuşdur. Şeytan onlara gördükləri işləri gözəl göstərdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
(Ənkəbut surəsi, 38)
Səmud qövmü, Lut qövmü və Eykə əhli.
(Sad surəsi, 13)
Onların hamısı elçiləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.
(Sad surəsi, 14)
Nuh, Ad, Səmud qövmü və onlardan sonrakıların başına gələn kimi (bir bəlanın sizin başınıza gəlməsindən qorxuram). Allah bəndələrinə zülm etmək istəməz.
(Mömin surəsi, 31)
Əgər onlar üz döndərsələr, de ki: “Mən sizə Ad və Səmud qövmlərini vuran ildırım kimi bir ildırım barədə xəbərdarlıq edirəm”.
(Fussilət surəsi, 13)
Çünki elçilər onların yanına gəlib önlərindən və arxalarından (hər zaman və hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə də biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.
(Fussilət surəsi, 14)
Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar səbəbilə alçaldıcı ildırım əzabı onları yaxaladı.
(Fussilət surəsi, 17)
İman edib Allahdan qorxanları isə xilas etdik.
(Fussilət surəsi, 18)
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (elçiləri) yalanlamışdı.
(Qaf surəsi, 12)
Səmud qövmündə də (ibrətlər vardır)! O zaman onlara: “Müəyyən bir vaxta qədər (dünya nemətlərindən) faydalanın!” - deyilmişdi.
(Zəriyət surəsi, 43)
Onlar Rəbbinin əmrinə qarşı çıxdılar və buna görə də onlar görə-görə (gündüz) özlərini ildırım vurmuşdu.
(Zəriyət surəsi, 44)
Beləliklə, onlar ayağa qalxa bilmədilər, onlara yardım edən də olmadı.
(Zəriyət surəsi, 45)
Səmudu da! Beləliklə, (onlardan heç kimi sağ) qoymadı.
(Nəcm surəsi, 51)
Səmud qövmü də xəbərdarlıqları yalan saymışdı.
(Qamər surəsi, 23)
Onlar demişdilər: “Özümüzdən olan bir insanamı tabe olacağıq? O zaman biz azğınlığa düşmüş və çılğınlıq etmiş olarıq.
(Qamər surəsi, 24)
Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
(Qamər surəsi, 25)
Onlar lovğa yalançının kim olduğunu sabah biləcəklər.
(Qamər surəsi, 26)
Onları sınamaq üçün dişi bir dəvə göndərən Bizik. (Ey Saleh!) Ona görə də sən onları gözlə və səbir et!
(Qamər surəsi, 27)
Onlara bildir ki, su onların arasında bölüşdürülmüşdür. Hər kəs su içməyə öz növbəsində gəlsin!”
(Qamər surəsi, 28)
Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da (qılıncını) alıb (dəvəni) kəsdi.
(Qamər surəsi, 29)
Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 30)
Biz onlara qorxunc bir səs göndərdik və onlar heyvan ağılına qoyulan quru ot kimi oldular.
(Qamər surəsi, 31)
Səmud qövmü də, Ad qövmü də qəlbi qorxuya salanı (qiyaməti) yalanlamışdılar.
(Haqqə surəsi, 4)
Səmud qövmü qorxunc bir səslə məhv edildi.
(Haqqə surəsi, 5)
(Ey elçi!) Ordular barəsindəki xəbərlər sənə gəlib çatdımı?
(Büruc surəsi, 17)