Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
(Bəqərə surəsi, 124)
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
(Bəqərə surəsi, 128)
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”
(Ali İmran surəsi, 36)
Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
Onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini üstün etdik). Onları seçdik və doğru yola yönəltdik.
(Ənam surəsi, 87)
Rəbbin heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə, sizi məhv edər və sizdən sonra istədiyini sizin yerinizə gətirər.
(Ənam surəsi, 133)
(Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
(İbrahim surəsi, 40)
(Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!”
(İsra surəsi, 62)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Beləliklə, Sura üfürüldükdə, o gün artıq onların arasında heç bir soy əlaqəsi yoxdur, nə də (bir-birlərini) soruşmurlar.
(Muminun surəsi, 101)
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Sonra onun nəslini həqir bir su olan nütfədən meydana gətirdi.
(Səcdə surəsi, 8)
Onların nəsillərini (ulu babalarını) yüklə dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.
(Yasin surəsi, 41)
Yalnız onun nəslini davam etdirdik.
(Saffat surəsi, 77)
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
(Saffat surəsi, 113)
(Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər də özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.
(Saffat surəsi, 158)
Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
(Mömin surəsi, 8)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
Möminlərin özlərindən sonra iman edən nəsillərini də onların yanına (cənnətə) qoyacağıq. Onların əməllərindən heç bir şeyi əskiltməyəcəyik. Hər kəs qazandığının (öz əməlinin) girovudur.
(Tur surəsi, 21)
Biz Nuhu və İbrahimi də elçi olaraq göndərdik. Onların nəslinə elçilik və kitab verdik. Onlardan doğru yolda olanlar da vardır, lakin əksəriyyəti fasiqlərdir.
(Hədid surəsi, 26
)