Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
(Maidə surəsi, 32)
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
Çünki siz qadınları qoyub kişilərə şəhvətlə yaxınlaşırsınız. Siz həqiqətən, həddi aşmış bir qövmsünüz!”
(Əraf surəsi, 81)
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)
İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
(Yunis surəsi, 12)
Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi.
(Yunis surəsi, 83)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm və sizi bürüyəcək bir günün əzabından qorxuram.
(Hud surəsi, 84)
Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!
(Hud surəsi, 85)
Yusif onlar üçün yüklərini hazırladığı zaman dedi: “Atabir qardaşınızı da mənim yanıma gətirin. Görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və çox qonaqpərvər biriyəm?!
(Yusif surəsi, 59)
Əgər onu mənə gətirməsəniz, tərəfimizdən sizə heç bir şey çəkilib verilməyəcək və (bunun üçün) mənə yaxınlaşmayın!”
(Yusif surəsi, 60)
Onlar atalarının yanına qayıtdıqları zaman dedilər: “Ay ata! Ölçülüb verilən ərzaq bizə qadağan edildi. Ərzaq ala bilməmiz üçün qardaşımızı da bizimlə göndər. Biz mütləq onu qoruyacağıq”.
(Yusif surəsi, 63)
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər və belə dedilər: “Ay ata, daha nə istəyirik?! Budur, öz mallarımız da bizə geri qaytarılıb. Bununla ailəmizə yenə ərzaq gətirərik və qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”.
(Yusif surəsi, 65)
Onlar (Yusifin) hüzuruna daxil olduqları zaman dedilər: “Ey vəzir! Bizə və ailəmizə qıtlıq üz verib və biz dəyərsiz bir malla gəlmişik. Bizim haqqımızı tam ölçərək ver, bizə sədəqən olsun! Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar”.
(Yusif surəsi, 88)
Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik.
(Hicr surəsi, 19)
Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (söz haqqı) ixtiyarı verdik. Ancaq o, həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) kömək edilmişdir.
(İsra surəsi, 33)
Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir.
(İsra surəsi, 35)
Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
(Taha surəsi, 127)
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (elçiləri yalanlayanları) isə məhv etdik.
(Ənbiya surəsi, 9)
O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir.
(Furqan surəsi, 2)
Həddi aşanların əmrinə itaət etməyin!”
(Şuəra surəsi, 151)
(Tərəzidə) ölçüyə tam riayət edin və (insanların haqqını) əskik verənlərdən olmayın!
(Şuəra surəsi, 181)
Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
(Yasin surəsi, 19)
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
(Zumər surəsi, 53)
Firon ailəsindən olub imanını gizlədən bir nəfər mömin belə dedi: “Siz bir adamı yalnız: “Rəbbim Allahdır!” - dediyinə görə öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalançıdırsa, onun yalanı öz əleyhinədir. Əgər o doğru deyirsə, sizə vəd etdiyinin (əzabın) bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşan yalançını doğru yola yönəltməz.
(Mömin surəsi, 28)
Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra elçi göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.
(Mömin surəsi, 34)
Heç şübhəsiz, sizin məni dəvət etdikləriniz nə dünyada, nə də axirətdə çağırışa cavab verə bilər. Həqiqətən, dönüşümüz Allahadır. Həddi aşanlar isə cəhənnəm əhlidirlər.
(Mömin surəsi, 43)
(Onlara belə deyiləcək:) “Bu, sizin yer üzündə haqsız yerə sevinməyinizə və qürrələnməyinizə görədir.
(Mömin surəsi, 75)
Həddi aşan bir qövm oldunuz deyə Quranı sizə təbliğ etməkdən vazmı keçək?!
(Zuxruf surəsi, 5)
Firondan! Həqiqətən, o, təkəbbürlü və həddi aşanlardan idi.
(Duxan surəsi, 31)
Bu daşlar həddi aşanlar üçün Rəbbinin dərgahında işarələnmişdir.
(Zəriyət surəsi, 34)
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
(Talaq surəsi, 3)