Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
(Ali İmran surəsi, 122)
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.
(Ali İmran surəsi, 159)
Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər!
(Ali İmran surəsi, 160)
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Nisa surəsi, 81)
Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)
Qorxanların arasından Allahın nemət verdiyi iki adam: “Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” – dedi.
(Maidə surəsi, 23)
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman qəlbi titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.
(Ənfal surəsi, 2)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 49)
Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.
(Ənfal surəsi, 61)
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)
(Ey elçi!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki: “Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”.
(Tövbə surəsi, 129)
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
Musa dedi: “Ey qövmüm, əgər Allaha iman edib təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!”
(Yunis surəsi, 84)
Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır.
(Hud surəsi, 56)
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
(Hud surəsi, 88)
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
(Hud surəsi, 123)
(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!”
(Yusif surəsi, 67)
Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (elçiliyi), Öz bəndələrindən dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!
(İbrahim surəsi, 11)
Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”
(İbrahim surəsi, 12)
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir.
(Nəhl surəsi, 42)
Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur.
(Nəhl surəsi, 99)
Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
(Furqan surəsi, 58)
Yenilməz qüvvət sahibi və mərhəmətli olan Allaha təvəkkül et!
(Şuəra surəsi, 217)
Ona görə də sən Allaha təvəkkül et! Şübhəsiz ki, sən açıq-aydın haqq yoldasan.
(Nəml surəsi, 79)
O kəslər ki, səbir edər və Rəbbinə təvəkkül edərlər!
(Ənkəbut surəsi, 59)
Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər.
(Əhzab surəsi, 3)
İnkar edənlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
(Əhzab surəsi, 48)
Onlardan: “Göyləri və yeri kim yaratmışdır?” - deyə soruşsan, onlar hökmən: “Allah!” - deyəcəklər. De ki: “Elə isə deyin görək, əgər Allah mənə bir zərər yetirmək istəsə, Allahdan başqa dua etdikləriniz Onun zərərini dəf edə bilərlərmi? Yaxud Allah mənə mərhəmət etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər ancaq Ona təvəkkül edərlər!”
(Zumər surəsi, 38)
İxtilafa düşdüyünüz hər bir şeyin hökmü Allaha məxsusdur. (De:) “Mənim Rəbbim məhz bu Allahdır! Mən Ona təvəkkül edir və Ona yönəlirəm”.
(Şura surəsi, 10)
Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman edib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.
(Şura surəsi, 36)
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl nümunə vardır. Bir zaman onlar öz qövmlərinə: “Biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Sizi (ibadət etdiklərinizi) inkar edirik. Görünür ki, siz Allahın bir olduğuna iman edənə qədər sizinlə bizim aramızda daimi bir düşmənçilik və nifrət olacaqdır”, - demişdilər. Ancaq İbrahimin atasına: “Əlbəttə, sənin bağışlanmağını diləyəcəyəm, lakin Allahdan sənə gələcək heç bir şeyi dəf edə bilmərəm”, - deməsi istisnadır. (O möminlər belə demişdilər:) “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir!
(Mumtəhənə surəsi, 4)
Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!
(Təğabun surəsi, 13)
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
(Talaq surəsi, 3)
De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman etmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.
(Mülk surəsi, 29)
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Vəkil olaraq Allah yetər!
(Nisa surəsi, 132)
Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur. Ona görə də Allaha və elçilərinə iman edin və “(Allah) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
(Nisa surəsi, 171)
Musaya Kitabı verdik və İsrail oğullarına: “Məndən başqa heç kimi vəkil tutmayın!” - deyərək onu bir hidayət rəhbəri etdik.
(İsra surəsi, 2)
Şübhəsiz, (ixlaslı) bəndələrim üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər.
(İsra surəsi, 65)
Hər şeyi yaradan Allahdır. O, hər şeyi idarə edir.
(Zumər surəsi, 62)
O, şərqin də, qərbin də Rəbbidir. Ondan başqa heç bir ilah yoxdur. Ona görə də sən yalnız Ona təvəkkül et!
(Müzzəmmil surəsi, 9
)