Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər.
(Bəqərə surəsi, 171)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
Ey iman edənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
(Maidə surəsi, 1)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 3)
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir.
(Maidə surəsi, 4)
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
(Maidə surəsi, 95)
Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir!
(Ənam surəsi, 136)
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
Onlar: “Bu heyvanların qarınlarındakı (balaları) kişilərimizə məxsusdur (halaldır), qadınlarımıza isə haramdır”, - dedilər. Əgər (bala) ölü doğularsa, onlar (kişilər və qadınlar) ona ortaqdırlar. (Allah) onlara (bu şəkildəki halal-haram) vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 139)
Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
(Ənam surəsi, 142)
And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
(Əraf surəsi, 179)
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)
Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (vasitələri) və başqa faydalar vardır. Onlardan (bir qisminin ətindən) yeyirsiniz.
(Nəhl surəsi, 5)
Göydən su endirən Odur. Ondan həm içirsiniz, həm də onun vasitəsilə otlaqlarınız göyərir.
(Nəhl surəsi, 10)
Şübhəsiz, heyvanlarda da sizin üçün bir ibrət vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik.
(Nəhl surəsi, 66)
Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi.
(Nəhl surəsi, 80)
(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün (Allahın qüdrətini göstərən) işarələr vardır.
(Taha surəsi, 54)
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
(Ənbiya surəsi, 78)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə Allahın adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin!
(Həcc surəsi, 28)
Budur! Hər kim Allahın qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!
(Həcc surəsi, 30)
Biz hər bir ümmətə ruzi olaraq verdiyimiz heyvanların üstündə Allahın adını çəksinlər deyə qurban kəsməyi vacib etdik. Sizin ilahınız tək olan ilahdır. Elə isə Ona təslim olun! (Ey elçi!) İxlaslı və təvazökar olanlara müjdə ver!
(Həcc surəsi, 34)
Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Onların qarınlarındakından (süddən) sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır. Həmçinin onlardan (ətlərindən) yeyirsiniz.
(Muminun surəsi, 21)
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
(Muminun surəsi, 27)
Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
(Furqan surəsi, 44)
Ölü bir diyara onunla həyat verək, yaratdığımız bir çox heyvana və insana da ondan içirdək.
(Furqan surəsi, 49)
Beləliklə, onu və yüklü gəmidə onunla olanları xilas etdik.
(Şuəra surəsi, 119)
O sizə mal-qara və övladlar verdi.
(Şuəra surəsi, 133)
Məgər onlar, qupquru yerə suyu çatdırıb onunla (torpaqdan) həm heyvanlarının, həm də özlərinin yedikləri əkinləri çıxartdığımızı görmədilərmi? Hələ də (haqqı) görmürlərmi?
(Səcdə surəsi, 27)
İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan bəndələri arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
(Fatir surəsi, 28)
Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?
(Yasin surəsi, 71)
O, bütün cütləri xəlq etdi. Mindiyiniz gəmiləri və heyvanları da sizin üçün yaratdı.
(Zuxruf surəsi, 12)
Həqiqətən, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. İnkar edənlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
(Məhəmməd surəsi, 12)
Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da (qılıncını) alıb (dəvəni) kəsdi.
(Qamər surəsi, 29)
Həm sizin, həm də heyvanlarınız faydalanması üçün.
(Naziat surəsi, 33)
Bunlar həm sizin, həm də heyvanlarınızın faydalanması üçündür.
(Əbəsə surəsi, 32
)