Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar belə dedilər: “Bizim qəlbimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman edər.
(Bəqərə surəsi, 88)
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
(Bəqərə surəsi, 187)
Ey kitab əhli! Nə üçün həqiqətə yalan donu geyindirirsiniz və bilə-bilə həqiqəti gizlədirsiniz?
(Ali İmran surəsi, 71)
Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, elçiləri haqsız yerə öldürmələri və: “qəlbimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman edər.
(Nisa surəsi, 155)
Onlardan səni (Quran oxuyarkən) dinləyənlər də vardır. Lakin onu (Quranı) anlamasınlar deyə, qəlbinə pərdə çəkdik, qulaqlarına da ağırlıq verdik (kar etdik). Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta inkar edən olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, - deyərək səninlə mübahisə edirlər.
(Ənam surəsi, 25)
Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi.
(Ənam surəsi, 76)
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”.
(Əraf surəsi, 20)
Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq.
(Əraf surəsi, 41)
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!
(Yunis surəsi, 71)
Baxın, (münafiqlər) gizlənmək üçün ikiqat bükülürlər. Bilin ki, paltarlarına bürünsələr belə, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir. Şübhəsiz ki, O, qəlbdə olanı biləndir.
(Hud surəsi, 5)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər.
(Yasin surəsi, 9)
Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə də sən öz işini gör, biz də öz işimizi görəcəyik”, - dedilər.
(Fussilət surəsi, 5)
Allah iman edən, yaxşı əməllər edən və Rəbbindən Məhəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
(Məhəmməd surəsi, 2)
(Bütün) bunlar Allahın mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur!
(Fəth surəsi, 5)
Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür.
(Qaf surəsi, 22)
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
(Nuh surəsi, 7)