Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onların içində kitabı bilməyən savadsızlar da var ki, onların bildikləri yalnız ucdan-qulaqdan eşitdikləridir. Onlar yalnız zənnin arxasınca gedirlər.
(Bəqərə surəsi, 78)
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
“Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər.
(Nisa surəsi, 157)
Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada qoyaraq ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş və iddia etdiyiniz (bütlər) də sizdən uzaqlaşıb getmişdir.
(Ənam surəsi, 94)
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar.
(Ənam surəsi, 116)
Onlar (Allahın) yaratdığı əkin və davardan Allah üçün pay ayırdılar və öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə də pisdir!
(Ənam surəsi, 136)
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.
(Ənam surəsi, 148)
Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz. Həqiqətən, Allah etdiyiniz əməlləri bilir.
(Yunis surəsi, 36)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Elə isə Allahı qoyub Ona qoşduqları şəriklərə ibadət edənlər nəyin ardınca gedirlər?! Onlar ancaq zənnin ardınca gedir və yalan söyləyirlər.
(Yunis surəsi, 66)
Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlbində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” - desəydilər.
(Nur surəsi, 12)
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, qəlbiniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
(Əhzab surəsi, 10)
Şübhəsiz ki, İblisin onlar barəsindəki təxmini düz çıxdı. Möminlərdən ibarət bir dəstə istisna olmaqla, hamısı ona tabe oldular.
(Səba surəsi, 20)
Aləmlərin Rəbbi barəsində fikriniz nədir?”
(Saffat surəsi, 87)
Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, inkar edənlərin zənnidir. Vay o inkar edənlərin cəhənnəmdəki halına!
(Sad surəsi, 27)
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və buna görə də ziyana uğrayanlardan oldunuz.
(Fussilət surəsi, 23)
Onlar: “Əgər Rəhman istəsəydi, biz onlara ibadət etməzdik!” - dedilər. Buna dair onların heç bir məlumatı yoxdur. Onlar ancaq yalan danışırlar.
(Zuxruf surəsi, 20)
Onlar: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur. Ölürük və doğuluruq. Bizi yalnız zaman öldürür”, - dedilər. Bu barədə onların heç bir məlumatı yoxdur. Onlar ancaq belə zənn edirlər.
(Casiyə surəsi, 24)
Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
(Fəth surəsi, 6)
Əksinə, siz elçinin və möminlərin bir daha ailələrinin yanına qayıtmayacaqlarını zənn etmişdiniz. Bu, sizin qəlbinizin xoşuna gəldi və pis zənn bəslədiniz. Siz məhv olmağa layiq kimsələr oldunuz.
(Fəth surəsi, 12)
Ey iman edənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
(Hucurat surəsi, 12)
Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfsinin arzularına uyurlar.
(Nəcm surəsi, 23)
Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir.
(Nəcm surəsi, 28
)