Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi: “Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi:) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”
(Ali İmran surəsi, 36)
Əgər zövcənizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
(Nisa surəsi, 12)
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 23)
Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.
(Nisa surəsi, 176)
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır.
(Ənam surəsi, 100)
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?”
(Hud surəsi, 78)
Onlar: “Sənin qızlarına ehtiyacımız olmadığını bilirsən. Bizim nə istədiyimizi sən yaxşı bilirsən”, - dedilər.
(Hud surəsi, 79)
(Lut) dedi: “Əgər (düşündüyünüz şeyi) edəcəksinizsə, bunlar mənim qızlarımdır (qızlarımla evlənin)!”
(Hicr surəsi, 71)
Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir! Arzuladıqlarını (oğlanları) da özlərinə aid edirlər.
(Nəhl surəsi, 57)
Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar.
(Nəhl surəsi, 58)
Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”.
(Məryəm surəsi, 28)
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
(Nur surəsi, 61)
Anası Musanın bacısına: “Onun arxasınca get!” - dedi. O da heç kim hiss etmədən uzaqdan Musanı izlədi.
(Qəsas surəsi, 11)
(Şüeyb Musaya) dedi: “Səkkiz il mənə xidmət etməyin müqabilində bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər on ilə tamamlasan, bu, artıq sənin tərəfindən bir lütfdür. Mən səni çətinliyə salmaq istəmirəm. İnşaAllah, mənim salehlərdən olduğumu görəcəksən”.
(Qəsas surəsi, 27)
Ey elçi! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və elçi evlənmək istədiyi təqdirdə özünü elçiyə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 50)
Onlara (mömin qadınlara) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınlar və kölələrinə görə heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Əhzab surəsi, 55)
Ey elçi! Zövcələrinə, qızlarına və möminlərin zövcəsinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 59)
Məgər Allah oğlanları qoyub qızları seçmişdir?
(Saffat surəsi, 153)
Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün ayırdı?!
(Zuxruf surəsi, 16)
Yoxsa qızlar Onun (Allahın), oğlanlar sizindirmi?!
(Tur surəsi, 39)
Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12)