Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Allah gecənin zülmətindən) səhəri yarıb çıxarandır. O, gecəni bir istirahət vaxtı, günəşi və ayı da bir ölçü vasitəsi təyin etmişdir. (Bütün) bunlar yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın təqdiridir.
(Ənam surəsi, 96)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!
(Əraf surəsi, 54)
Günəşi işıqlı, ayı parlaq edən, illərin sayını və hesabı bilməyiniz üçün aya mənzillər təyin edən Odur. Allah bunları haqq olaraq yaratdı. O, bilib düşünən bir qövm üçün ayələri açıq şəkildə izah edir.
(Yunis surəsi, 5)
Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra ərşə istiva edən (dünya və axirət işlərini nizamlayan), günəşə və aya boyun əydirən Allahdır. (Onların) hər biri müəyyən vaxta qədər dövr edir. O, işləri belə tənzimləyir. Ayələri müfəssəl izah edir ki, bəlkə Rəbbinizə qovuşacağınıza qəti şəkildə iman edəsiniz.
(Rad surəsi, 2)
O, (öz orbiti üzrə) dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.
(İbrahim surəsi, 33)
O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 12)
Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edir.
(Ənbiya surəsi, 33)
Göydə bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay xəlq edən Allah çox ucadır!
(Furqan surəsi, 61)
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Loğman surəsi, 29)
Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
(Loğman surəsi, 30)
Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
(Fatir surəsi, 13)
Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
(Yasin surəsi, 39)
Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
(Yasin surəsi, 40)
Allah göyləri və yeri haqq ilə yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyür. Günəşi və ayı da (sizə) ram etdi. Hər biri müəyyən bir müddətə qədər (öz orbitində) hərəkət edir. Bilin ki, O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
(Zumər surəsi, 5)
Gecə, gündüz, günəş və ay Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Əgər yalnız Ona (Allaha) ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!
(Fussilət surəsi, 37)
Günəş və ay müəyyən bir ölçüyə görə hərəkət edir.
(Rəhman surəsi, 5)
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir.
(Nuh surəsi, 16
)