Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahla əhd bağladıqdan sonra o əhdi pozan, Allahın birləşdirilməsini əmr etdiklərini kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır.
(Bəqərə surəsi, 27)
(Ey elçi!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
(Bəqərə surəsi, 30)
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”
(Bəqərə surəsi, 60)
(O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz.
(Bəqərə surəsi, 205)
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Bəqərə surəsi, 220)
Allaha və elçisinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
(Maidə surəsi, 33)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır.
(Əraf surəsi, 56)
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!”
(Əraf surəsi, 74)
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)
Allaha iman edənləri qorxutmaq, Onun yolundan döndərmək və onu (Allah yolunu) əyib-bükmək məqsədilə hər yolun başında əyləşməyin! Xatırlayın ki, bir zaman siz az idiniz, O sizi çoxaltdı. Bax gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
(Əraf surəsi, 86)
Sonra onların ardınca Musanı möcüzələrimizlə Firona və onun qövmünə elçi göndərdik. Ancaq onlar möcüzələri inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
(Əraf surəsi, 103)
Fironun qövmünün əyanları isə belə dedilər: “Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi: “Onların oğlanlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”.
(Əraf surəsi, 127)
Musa ilə otuz gecə (ibadət etməsi) barədə vədələşdik və on gecə də ona əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi müddət qırx gecə oldu. Musa qardaşı Haruna: “Sən qövmüm içərisində mənim yerimə keçib (onları) islah et və fitnə-fəsad törədənlərin yolunu izləmə!” – dedi.
(Əraf surəsi, 142)
İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz bunu yerinə yetirməsəniz (bir-birinizə kömək edib dost olmasanız), yer üzündə böyük bir fitnə-fəsad olar.
(Ənfal surəsi, 73)
Onlardan bəziləri ona (Qurana) inanır, bəziləri də inanmır. Rəbbin fitnə-fəsad çıxardanları çox yaxşı tanıyır.
(Yunis surəsi, 40)
Onlar (əllərindəki ipləri yerə) atdıqları zaman Musa dedi: “Sizin etdiyiniz sehrdir. Şübhəsiz ki, Allah onu boşa çıxaracaqdır. Həqiqətən, Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.
(Yunis surəsi, 81)
İndimi (iman etdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin.
(Yunis surəsi, 91)
Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!
(Hud surəsi, 85)
Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
(Hud surəsi, 116)
Onlar dedilər: “And olsun Allaha! Siz də yaxşı bilirsiniz ki, biz bura fitnə-fəsad çıxartmağa gəlməmişik. Biz oğru deyilik!”
(Yusif surəsi, 73)
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
(Rad surəsi, 25)
İnkar edən olub (insanları) Allahın yolundan döndərənlərə törətdikləri fitnə-fəsad səbəbilə əzab üstünə əzab artıracağıq.
(Nəhl surəsi, 88)
Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”
(İsra surəsi, 4)
Bir məmləkəti məhv etmək istədiyimiz zaman oranın bolluq içində yaşayan başçılarına (yaxşı işlər görməyi) əmr edərik. Ancaq onlar orada pis işlər görərlər. Beləliklə, o məmləkət üçün əzab vacib olar və Biz də oranı yerlə yeksan edərik.
(İsra surəsi, 16)
Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc və Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”
(Kəhf surəsi, 94)
Onlar yer üzündə fəsad çıxarar, əmin-amanlıq yaratmazlar.
(Şuəra surəsi, 152)
İnsanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!
(Şuəra surəsi, 183)
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!
(Nəml surəsi, 14)
O şəhərdə fitnə-fəsad törədən və heç bir yaxşı iş görməyən doqquz nəfər var idi.
(Nəml surəsi, 48)
Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
(Qəsas surəsi, 4)
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
(Qəsas surəsi, 77)
Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Qiyamət gününə ümid bəsləyin və yer üzündə fitnə-fəsad çıxararaq qarışıqlıq törətməyin!” - demişdi.
(Ənkəbut surəsi, 36)
Yoxsa iman edib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!
(Sad surəsi, 28
)