Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
(Bəqərə surəsi, 124)
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.
(Nisa surəsi, 6)
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 48)
Ey iman edənlər! Allah sizi, (ehramda ikən) əlləriniz və mizraqlarınızla ovlaya biləcəyiniz bir ovu (qadağan etmək) ilə imtahan edəcəkdir ki, tənhalıqda Ondan qorxanları bilib ayırd etsin. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır!
(Maidə surəsi, 94)
Beləcə onların: “Allah aramızdan bunlaramı lütf etdi?” - demələri üçün bir qismini digərləri ilə imtahan etdik. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?!
(Ənam surəsi, 53)
Sizi yer üzünün xəlifələri (bir-birinizin varisi) təyin edən Odur. Sizə verdiyi (nemətlər) barəsində sizi sınamaq üçün dərəcələrə görə (mal-mülk cəhətdən) bir qisminizi digərlərindən üstün etmişdir. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir və şübhəsiz, O bağışlayandır, rəhmlidir.
(Ənam surəsi, 165)
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən.
(Əraf surəsi, 155)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
(Kəhf surəsi, 7)
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
(Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlbində xəstəlik olanlar və qəlbi qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
(Həcc surəsi, 53)
Şübhəsiz, bunda da ibrətlər vardır. Həqiqətən, Biz (bəndələrimizi) sınağa çəkirik.
(Muminun surəsi, 30)
(Ey elçi!) Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
(Furqan surəsi, 20)
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
(Nəml surəsi, 40)
Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”.
(Nəml surəsi, 47)
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
(Mülk surəsi, 2)
Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.
(Cin surəsi, 17)
İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər.
(Fəcr surəsi, 15)
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
(Fəcr surəsi, 16
)