Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”
(Əraf surəsi, 150)
Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”
(Taha surəsi, 86)
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)
O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
(Ali İmran surəsi, 134)
Musanın qəzəbi yatışdığı zaman lövhələri götürdü. O lövhələrdəki yazılarda Rəbbindən qorxanlar üçün doğru yol və mərhəmət vardı.
(Əraf surəsi, 154)
Eləcə də onların (möminlərin) qəlbindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 15)
Hər kim Allahın Öz elçisinə dünya və axirətdə yardım etməyəcəyini zənn edirsə, bir vasitə ilə göyə çıxsın və (elçiyə gələn vəhyi) kəssin. İndi baxsın görək onun hiyləsi qəzəbinə səbəb olanı (vəhyi) ortadan qaldıra biləcəkmi?!
(Həcc surəsi, 15)
Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir.
(Əhzab surəsi, 25)
Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
(Zumər surəsi, 45)
Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlər həm Allahın, həm də iman edənlərin nəzdində böyük bir nifrətlə qarşılanarlar. Allah təkəbbürlü hər bir zalımın qəlbini belə möhürləyər.
(Mömin surəsi, 35)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, - deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah qəlbdə olanları biləndir.
(Ali İmran surəsi, 119)
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
(Tövbə surəsi, 120)
Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar.
(Nəhl surəsi, 58)
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (inkar edənlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər.
(Furqan surəsi, 12)
Lut dedi: “Həqiqətən, mən sizin bu əməlinizdən nifrət edənlərdənəm.
(Şuəra surəsi, 168)
Onlar Bizi qəzəbləndirdikləri zaman onlardan intiqam aldıq və onların hamısını suda boğduq.
(Zuxruf surəsi, 55)
İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
(Mülk surəsi, 8
)