Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Şübhəsiz ki, Allah həddi aşanları sevmir.
(Bəqərə surəsi, 190)
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! İnkar edənlərin cəzası belədir.
(Bəqərə surəsi, 191)
Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun! Əgər onlar buna son qoysalar, (bilsinlər ki,) zülm edənlərdən başqasına düşmənçilik edilməyəcəkdir.
(Bəqərə surəsi, 193)
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
Xoşunuza gəlməsə də, cihad sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.
(Bəqərə surəsi, 216)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!
(Bəqərə surəsi, 244)
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz elçilərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
(Bəqərə surəsi, 246)
Əgər (belə) etməsəniz, bilin ki, Allah və elçisi tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
(Bəqərə surəsi, 279)
Onlar sizə, əziyyət verməkdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşsalar, sizə arxalarını dönüb qaçarlar. Sonra onlara yardım da edilməz.
(Ali İmran surəsi, 111)
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
Neçə-neçə elçi vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər.
(Ali İmran surəsi, 146)
Ey iman edənlər! Siz, yer üzündə cihada çıxan və ya müharibədə olan qardaşları haqqında: “Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən inkar edənlər kimi olmayın! Allah bunu, onların qəlbində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir.
(Ali İmran surəsi, 156)
Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər: “Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlbində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlbində) gizlətdikləri şeyi daha yaxşı bilir.
(Ali İmran surəsi, 167)
Ey iman edənlər, tədbirinizi alın və dəstə-dəstə, yaxud hamılıqla (cihada) çıxın!
(Nisa surəsi, 71)
Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
(Nisa surəsi, 74)
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)
İman edənlər Allah yolunda cihad edərlər. İnkar edənlər isə Tağut (şeytan, dəccal) yolunda cihad edərlər. Elə isə, şeytanın dostlarına qarşı cihad edin! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
(Nisa surəsi, 76)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Ona görə də Allah yolunda vuruş! Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah inkar edənlərin gücünü qırar. Allahın gücü daha çox, cəzası da daha şiddətlidir.
(Nisa surəsi, 84)
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün qəlbi sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
(Nisa surəsi, 90)
Yer üzündə səfərə çıxdığınız zaman, əgər inkar edənlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, inkar edənlər sizin açıq-aşkar düşməninizdir.
(Nisa surəsi, 101)
(İsrail oğulları) dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Sən və Rəbbin gedin, vuruşun! Biz burada oturacağıq”.
(Maidə surəsi, 24)
Allaha və elçisinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
(Maidə surəsi, 33)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və elçiyə məxsusdur. Ona görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha və Onun elçisinə itaət edin!”
(Ənfal surəsi, 1)
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ənfal surəsi, 16)
Fitnə (şirk) yox olana və din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların nə etdiklərini görür.
(Ənfal surəsi, 39)
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar!
(Ənfal surəsi, 57)
Ey elçi, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır.
(Ənfal surəsi, 65)
(Ey möminlər!) Andlarını pozan, elçisi (yurdundan) çıxartmağa cəhd göstərən və sizə qarşı (döyüşə) ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər iman etmişsinizsə, (bilin ki,) ən çox Allahdan qorxmalısınız.
(Tövbə surəsi, 13)
Kitab verilənlərdən Allaha və axirət gününə iman etməyən, Allah və elçisinin haram etdiyini haram saymayan, haqq dini qəbul etməyən kimsələrlə, boyun əyib əlləri ilə cizyə verənə qədər vuruşun!
(Tövbə surəsi, 29)
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 36)
Ey iman edənlər! “Allah yolunda cihad edin!” - deyildiyi zaman sizə nə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
(Tövbə surəsi, 38)
Əgər cihada çıxmazsanız, Allah sizə acı bir əzab verər və sizin yerinizə başqa bir qövm gətirər. Siz Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir.
(Tövbə surəsi, 39)
Yüngül və ağır olaraq cəhd edin! Mallarınızla və canlarınızla Allah yolunda cihad edin! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.
(Tövbə surəsi, 41)
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
(Tövbə surəsi, 83)
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər.
(Tövbə surəsi, 107)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
Ey iman edənlər! Yaxınlığınızda olan inkar edənlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 123)
Allah, yaratdığı şeylərdən sizin üçün kölgəliklər etdi. Dağlarda sizin üçün sığınacaqlar yaratdı. Sizi istidən qoruyan geyimlər və həmçinin müharibədə sizi mühafizə edən zirehli paltar yaratdı. Beləcə, O, müsəlman olasınız deyə sizə olan nemətini tamamladı.
(Nəhl surəsi, 81)
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.
(Həcc surəsi, 39)
Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər.
(Nəml surəsi, 33)
Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
(Qəsas surəsi, 15)
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
(Əhzab surəsi, 20)
Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir.
(Əhzab surəsi, 25)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlbində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
(Məhəmməd surəsi, 20)
Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad barəsindəki) iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.
(Məhəmməd surəsi, 21)
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
(Fəth surəsi, 16)
Əgər inkar edənlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
(Fəth surəsi, 22)
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9)
Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Hədid surəsi, 10)
Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir.
(Həşr surəsi, 11)
Əgər onlar yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, onlara yardım etməzlər. Yardım etsələr belə, arxalarını çevirib qaçarlar. Sonra onlara da heç bir yardım olunmaz.
(Həşr surəsi, 12)
Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbi müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.
(Həşr surəsi, 14)
Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
(Mumtəhənə surəsi, 8)
Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.
(Mumtəhənə surəsi, 9
)