Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqət sənin Rəbbindən gələndir. Odur ki, şübhə edənlərdən olma!
(Bəqərə surəsi, 147)
Həqiqət, sənin Rəbbindəndir. Ona görə də şübhə edənlərdən olma!
(Ali İmran surəsi, 60)
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 2)
(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma!
(Ənam surəsi, 114)
Yalnız Allaha və axirət gününə iman etməyən və qəlbi şübhəyə düşüb öz şübhələri içində tərəddüd edənlər səndən izin istəyərlər.
(Tövbə surəsi, 45)
(Ey elçi!) Əgər sənə nazil etdiyimizdən şübhə edirsənsə, səndən əvvəl kitabı oxuyanlardan soruş. And olsun ki, Rəbbindən sənə haqq (Quran) gəlmişdir. Ona görə də əsla şübhə edənlərdən olma!
(Yunis surəsi, 94)
De: “Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman edənlərdən olmağım əmr olunmuşdur.
(Yunis surəsi, 104)
(Mələklər) dedilər: “Əksinə, biz sənə onların şübhə etdiklərini (əzabı) gətirmişik.
(Hicr surəsi, 63)
Onların qəlbində xəstəlik var, yoxsa şübhə edirlər? Yaxud Allah və elçisinin onlara haqsızlıq etməsindənmi qorxurlar? Xeyr, onlar əsil zalımlardır.
(Nur surəsi, 50)
(Ey elçi) Sən bundan əvvəl nə bir yazı oxuyurdun, nə də əlinlə onu yazırdın. Əgər elə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
(Ənkəbut surəsi, 48)
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar.
(Səba surəsi, 51)
Onlar (axirətdə): “Ona (Qurana) iman etdik!” – deyəcəklər. Ancaq onlar uzaq bir yerdən imana necə nail ola bilərlər?
(Səba surəsi, 52)
Halbuki daha əvvəl onu inkar edir və uzaq bir yerdən (dünyada) qeyb haqqında fikir yürüdürdülər.
(Səba surəsi, 53)
Artıq daha əvvəl onlara bənzər kimsələrə edildiyi kimi, onlarla arzuladıqları arasına pərdə çəkilmişdir. Həqiqətən, onlar dərin bir şübhə içində idilər.
(Səba surəsi, 54)
Şübhəsiz ki, daha əvvəl Yusif də sizə açıq-aşkar dəlillər gətirmişdi. Ancaq onun sizə gətirdiklərinə şübhə edirdiniz. Nəhayət, Yusif vəfat etdiyi zaman siz: “Allah ondan sonra elçi göndərməyəcəkdir”, - dediniz. Allah həddi aşan və şübhə edən kəsləri haqq yoldan belə azdırar.
(Mömin surəsi, 34)
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur.
(Zuxruf surəsi, 61)
Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
(Hucurat surəsi, 15)
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən qoyduq. Onların sayını da inkar edənlər üçün yalnız imtahan etdik ki, özlərinə kitab verilənlər yəqinliklə inansın, iman edənlərin imanlarını artırsın, həm özlərinə kitab verilənlər, həm də möminlər şübhəyə düşməsin, qəlbində xəstəlik olanlar və inkar edənlər isə: “Allah bu məsəllə nə demək istədi?” - desinlər. Allah istədiyini belə azdırar, istədiyini də doğru yola yönəldər. Rəbbinin ordularını Özündən başqası bilə bilməz. Bu (Quran), insanlar üçün ancaq bir öyüddür.
(Müddəssir surəsi, 31
)