Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bu ona görədir ki, onlar belə demişdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır.
(Ali İmran surəsi, 24)
(Şeytan) onlara vəd verər və onları ümidləndirər. Ancaq şeytanın onlara vəd verməsi, yalandan başqa bir şey deyildir.
(Nisa surəsi, 120)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən elçilər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi.
(Əraf surəsi, 22)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 49)
Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, mallarına və övladlarına (şirk elətdirərək) ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.
(İsra surəsi, 64)
Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz.
(Qəsas surəsi, 78)
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və elçisi bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.
(Əhzab surəsi, 12)
Ey insanlar, Allahın vədi haqdır! Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!
(Fatir surəsi, 5)
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
(Fatir surəsi, 40)
İnkar edənlərdən başqası Allahın ayələri haqqında mübahisə etməz. Onların şəhərlərdə (arxayınlıqla) gəzib dolaşmaları səni aldatmasın.
(Mömin surəsi, 4)
Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? İnkar edənlər ancaq aldanırlar.
(Mülk surəsi, 20
)