Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar belə dedilər: “Bizim qəlbimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman edər.
(Bəqərə surəsi, 88)
Daha əvvəl inkar edənlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab gəlib bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti inkar edənlərin üzərinə olsun!
(Bəqərə surəsi, 89)
Kitabda insanlar üçün açıq-aydın dəlilləri və doğru yolu nazil edib bəyan etdikdən sonra onları gizlədənlərə Allah və (bütün) lənət edə bilənlər lənət edərlər.
(Bəqərə surəsi, 159)
Allahın, mələklərin və bütün insanların lənəti inkar edən olub və bu cürə ölənlərə olsun!
(Bəqərə surəsi, 161)
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!”
(Ali İmran surəsi, 61)
Onların cəzası odur ki, Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir.
(Ali İmran surəsi, 87)
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman etməzlər.
(Nisa surəsi, 46)
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman edin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
(Nisa surəsi, 47)
Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə heç bir köməkçi tapa bilməzsən!
(Nisa surəsi, 52)
Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
(Nisa surəsi, 93)
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi: “Mütləq, bəndələrindən müəyyən bir qismini ələ keçirəcəyəm.
(Nisa surəsi, 118)
Verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, elçiləri haqsız yerə öldürmələri və: “qəlbimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlbini möhürləmişdir. Artıq, onların az bir qismi iman edər.
(Nisa surəsi, 155)
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
(Maidə surəsi, 13)
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”.
(Maidə surəsi, 60)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
İsrail oğullarından inkar edən olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi.
(Maidə surəsi, 78)
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
(Əraf surəsi, 38)
Cənnət əhli cəhənnəm əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da: “Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər: “Allahın lənəti zalımlara olsun!”
(Əraf surəsi, 44)
Allah münafiq kişilərə də, münafiq qadınlara da, inkar edənlərə də əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. O, onlara yetər. Allah onlara lənət etmişdir. Onlar üçün davamlı bir əzab vardır.
(Tövbə surəsi, 68)
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 60)
Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular. Onlara verilən hədiyyə necə də pisdir!
(Hud surəsi, 99)
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
(Rad surəsi, 25)
Şübhəsiz, axirət gününə qədər sənə lənət olacaqdır”.
(Hicr surəsi, 35)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər o yalan söyləyənlərdəndirsə, Allahın lənəti onun öz üzərinə olsun.
(Nur surəsi, 7)
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
Onları bu dünyada lənətlədik. Qiyamət günü də onlar çirkinlərdən olacaqlar.
(Qəsas surəsi, 42)
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
Həqiqətən, Allahı və Onun elçisini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Əhzab surəsi, 57)
Onlar lənətləniblər. Harada görülsələr, tutulub öldürülərlər.
(Əhzab surəsi, 61)
Həqiqətən, Allah inkar edənlərə lənət etmiş və onlar üçün alovlu bir od hazırlamışdır.
(Əhzab surəsi, 64)
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə düçar et!”
(Əhzab surəsi, 68)
Şübhəsiz, qiyamət gününə qədər Mənim lənətim sənədir!”
(Sad surəsi, 78)
O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət və pis bir məskən vardır.
(Mömin surəsi, 52)
Onlar Allahın lənətlədiyi və qulaqlarını kar, gözlərini də kor etdiyi kəslərdir.
(Məhəmməd surəsi, 23)
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
(Fəth surəsi, 6
)