Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. (Allahın əzabından) qorxmursunuzmu?” – demişdi.
(Əraf surəsi, 65)
Qövmünün inkar edən başçıları belə demişdilər: “Həqiqətən, biz səni səfeh görür və yalançılardan hesab edirik!”
(Əraf surəsi, 66)
Hud demişdi: “Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
(Əraf surəsi, 67)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”
(Əraf surəsi, 69)
Onlar dedilər: “Sən bizə, yalnız Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiyi şeylərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”
(Əraf surəsi, 70)
Hud dedi: “Rəbbinizdən sizə əzab və qəzəb vacib olmuşdur. Allahın heç bir dəlil nazil etmədiyi, sizin və atalarınızın adlar verdiyi (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə, (Allahın əzabını) gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
(Əraf surəsi, 71)
Biz onu və onunla birlikdə olanları mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalanlayıb iman etməyənlərin isə kökünü kəsdik.
(Əraf surəsi, 72)
Ad qövmünə də qardaşları Hudu (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Siz yalnız (Allaha) böhtan atırsınız.
(Hud surəsi, 50)
Ey qövmüm! Mən buna görə sizdən heç bir əvəz tələb etmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Hələ də düşünüb dərk etmirsinizmi?
(Hud surəsi, 51)
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Biz sənin sözünlə ilahlarımızı tərk edən və sənə inanan deyilik!
(Hud surəsi, 53)
Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi: “Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam.
(Hud surəsi, 54)
Allahdan başqa (sitayiş etdiklərinizdən uzağam)! Elə isə hamılıqla mənə qarşı hiylə qurun, sonra mənə heç möhlət də verməyin!
(Hud surəsi, 55)
Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır.
(Hud surəsi, 56)
Əgər üz çevirsəniz, bilin ki, mənimlə göndəriləni sizə təbliğ etdim. Rəbbim (istəsə,) sizin yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər verə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edir”.
(Hud surəsi, 57)
Əmrimiz gəldiyi zaman Hudu və onunla birlikdə iman edənləri mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
(Hud surəsi, 58)
Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun elçilərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular.
(Hud surəsi, 59)
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 60)
Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün və ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü də sizdən uzaq deyildir.
(Hud surəsi, 89)
Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri səbəbilə məhv etdik).
(Furqan surəsi, 38)
Ad qövmü də elçiləri təkzib etdi.
(Şuəra surəsi, 123)
O zaman qardaşları Hud onlara belə demişdi: “Siz (Allahdan) qorxmursunuzmu?
(Şuəra surəsi, 124)
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 125)
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 126)
Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
(Şuəra surəsi, 127)
Siz hər yüksək yerə bir əlamət quraraq (hündür binalar tikərək) əylənirsinizmi?
(Şuəra surəsi, 128)
Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz.
(Şuəra surəsi, 129)
Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız.
(Şuəra surəsi, 130)
Allahdan qorxun və mənə itaət edin!
(Şuəra surəsi, 131)
Gözünüzün qabağındakı nemətləri sizə bol-bol verəndən qorxun!
(Şuəra surəsi, 132)
O sizə mal-qara və övladlar verdi.
(Şuəra surəsi, 133)
Həqiqətən, mən sizin üçün böyük günün əzabından qorxuram!”
(Şuəra surəsi, 135)
Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
(Şuəra surəsi, 136)
Bu, əvvəlkilərin adətlərindən başqa bir şey deyildir.
(Şuəra surəsi, 137)
Biz əzaba məruz qalası da deyilik”.
(Şuəra surəsi, 138)
Beləcə, onu təkzib etdilər. Biz də onları məhv etdik. Həqiqətən, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
(Şuəra surəsi, 139)
Şübhəsiz ki, sənin Rəbbin qüdrətlidir, mərhəmətlidir.
(Şuəra surəsi, 140)
Ad və Səmud qövmünü də (məhv etdik). Bu (onların başına gələnlər), məskənlərindən sizə bəlli olmuşdur. Şeytan onlara gördükləri işləri gözəl göstərdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
(Ənkəbut surəsi, 38)
Əgər onlar üz döndərsələr, de ki: “Mən sizə Ad və Səmud qövmlərini vuran ildırım kimi bir ildırım barədə xəbərdarlıq edirəm”.
(Fussilət surəsi, 13)
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər.
(Fussilət surəsi, 15)
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da elçilərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”.
(Əhqaf surəsi, 21)
Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” - dedilər.
(Əhqaf surəsi, 22)
Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
O külək, Rəbbinin əmri ilə hər şeyi məhv edər. Beləcə, onların evlərindən başqa heç bir şey qalmadı. Biz günahkar qövmü belə cəzalandırırıq.
(Əhqaf surəsi, 25)
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbi onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü.
(Əhqaf surəsi, 26)
Ad qövmündə də (ibrətlər vardır)! O zaman onların üstünə faydasız (məhv edən) bir külək göndərmişdik.
(Zəriyət surəsi, 41)
O külək üstündən keçdiyi hər şeyi külə çevirirdi.
(Zəriyət surəsi, 42)
Əvvəlki Ad qövmünü də O məhv etmişdir.
(Nəcm surəsi, 50)
Ad qövmü də (Hudu) yalanlamışdı. Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
(Qamər surəsi, 18)
Həqiqətən, Biz onların üstünə uğursuzluğu davam edən bir gündə uğultulu soyuq bir külək göndərdik.
(Qamər surəsi, 19)
O külək, insanları kökündən qopmuş xurma kötükləri kimi (yerdən) qopardırdı.
(Qamər surəsi, 20)
Səmud qövmü də, Ad qövmü də qəlbi qorxuya salanı (qiyaməti) yalanlamışdılar.
(Haqqə surəsi, 4)
Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.
(Haqqə surəsi, 6)
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.
(Haqqə surəsi, 7)
Rəbbinin Ad qövmünə nə etdiyini görmədinmi?!
(Fəcr surəsi, 6
)