Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bu ona görədir ki, onlar belə demişdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır.
(Ali İmran surəsi, 24)
Bundan sonra kim Allaha qarşı yalan uydurarsa, onlar əsil zalımlardır.
(Ali İmran surəsi, 94)
Əgər bir arvadın yerinə başqa bir arad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?!
(Nisa surəsi, 20)
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
(Nisa surəsi, 48)
Kim bir xəta edər, yaxud günah iş görər, sonra da onu günahsız bir kimsənin üstünə atarsa, şübhəsiz, o (günahkar), iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
(Nisa surəsi, 112)
Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar.
(Ənam surəsi, 21)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
Onlar öz iddialarına görə belə dedilər: “Bu davarlar və əkinlər haramdır. Bizim istədiklərimizdən başqası onları yeyə bilməz. (Bunlar isə) minilməsi qadağan edilmiş heyvanlardır”. Kəsərkən Allahın adını çəkmədikləri heyvanlar da var. Onlar Allaha iftira yaxaraq bunları edərlər. Yaxdıqları iftiraya görə Allah onları cəzalandıracaqdır.
(Ənam surəsi, 138)
Şübhəsiz, səfehlikləri üzündən bilmədən öz uşaqlarını öldürən və Allaha iftira yaxaraq Allahın onlara verdiyi ruzini (qadınlara) haram edənlər ziyana uğramışlar. Onlar, həqiqətən, azmışlar və doğru yolda deyillər.
(Ənam surəsi, 140)
Dəvədən də iki dənə, inəkdən də iki dənə (yaratmışdır). De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz.
(Ənam surəsi, 144)
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və inkar edən olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
(Əraf surəsi, 37)
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
Elə isə Allaha qarşı yalan uyduran, yaxud Onun ayələrini yalanlayan kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, günahkarlar nicat tapmazlar.
(Yunis surəsi, 17)
De: “Allahın sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə nə deyirsiniz? De ki: “(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?”
(Yunis surəsi, 59)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
De: “Şübhəsiz, Allaha böhtan atanlar nicat tapa bilməzlər!”
(Yunis surəsi, 69)
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir.
(Nəhl surəsi, 101)
Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”
(Kəhf surəsi, 15)
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
(Nur surəsi, 4)
Həqiqətən, (elçinin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır.
(Nur surəsi, 11)
Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlbində yaxşı şeylər düşünərək: “Bu, açıq-aydın bir iftiradır!” - desəydilər.
(Nur surəsi, 12)
Onu eşitdiyiniz zaman: “Bu barədə danışmaq bizə yaraşmaz. Sən pak və müqəddəssən (Allahım! Bu ola bilməz!) Bu, böyük bir böhtandır!” - deməli deyildinizmi?
(Nur surəsi, 16)
Şübhəsiz ki, heç nədən xəbərsiz olan namuslu mömin xanımlara iftira yaxanlar dünyada və axirətdə lənətlənmişlər. Onlar üçün (axirətdə də) böyük bir əzab vardır.
(Nur surəsi, 23)
İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
(Furqan surəsi, 4)
Allaha qarşı yalan uyduran, yaxud özünə haqq gəldiyi zaman onu yalanlayan kimsədən daha zalım kim ola bilər? İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?!
(Ənkəbut surəsi, 68)
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.
(Əhzab surəsi, 58)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12
)