Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir.
(Ali İmran surəsi, 20)
Ey elçi! Rəbbindən sənə nazil ediləni (Quranı) təbliğ et! Əgər bunu etməzsən, Onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah inkar edən qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 67)
Allaha itaət edin! Elçiyə itaət edin və (pis işlərdən) çəkinin! Əgər (itaət etməkdən) üz çevirsəniz, bilin ki, elçimizin vəzifəsi açıq-aydın bir təbliğdir.
(Maidə surəsi, 92)
Elçinin üzərinə düşən ancaq təbliğ etməkdir. Üzə çıxartdıqlarınızı da, gizlətdiklərinizi də Allah bilir.
(Maidə surəsi, 99)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm.
(Əraf surəsi, 62)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)
O zaman (Saleh) onlardan üz döndərdi və dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin vəhyini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”.
(Əraf surəsi, 79)
Şüeyb onlardan üz döndərib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiyi vəhyləri təbliğ etdim və öyüd-nəsihət verdim. İndi inkar edən bir qövm üçün necə kədərlənim?”
(Əraf surəsi, 93)
Əgər üz çevirsəniz, bilin ki, mənimlə göndəriləni sizə təbliğ etdim. Rəbbim (istəsə,) sizin yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər verə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyə nəzarət edir”.
(Hud surəsi, 57)
Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, yaxud (ondan əvvəl) səni öldürsək də bil ki, sənin vəzifən ancaq (Allahın dinini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
(Rad surəsi, 40)
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, nə biz, nə də atalarımız Ondan başqasına ibadət edərdik. Onun əmri olmadan heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Elçilərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Nəhl surəsi, 35)
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) elçi göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (elçiləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
(Nəhl surəsi, 36)
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.
(Nəhl surəsi, 82)
Əgər (sizə gələn haqqı) yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər də (özlərinə gələn haqqı) yalanlamışdılar. Elçinin vəzifəsi yalnız açıq-aydın təbliğ etməkdir.
(Ənkəbut surəsi, 18)
Elçilər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
(Əhzab surəsi, 39)
Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.
(Yasin surəsi, 17)
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.
(Şura surəsi, 48)
Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
Əzmkar (ülül-əzm) elçilərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər!
(Əhqaf surəsi, 35)
Allaha və elçiyə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.
(Təğabun surəsi, 12)
Mənim edə bildiyim yalnız Allahdan gələni (vəhyləri insanlara) çatdırmaq və elçilik vəzifəsini yerinə yetirməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, şübhəsiz, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır”.
(Cin surəsi, 23)
Rəbbinin göndərdiklərini (vəhyləri insanlara) təbliğ edib-etmədiklərini bilsin. Allah onlarda olan hər şeyi (elmi ilə) əhatə etmiş və hər şeyi bir-bir saymışdır”.
(Cin surəsi, 28
)