Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Nə əhli-kitabdan olan inkar edənlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir.
(Bəqərə surəsi, 105)
Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
(Bəqərə surəsi, 135)
İman etməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman edənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
(Bəqərə surəsi, 221)
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)
De: “Allah doğru demişdir. Ona görə də, hənif (Allahın birliyini tanıyan) olan İbrahimin dininə tabe olun! O, müşriklərdən deyildi”.
(Ali İmran surəsi, 95)
İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
(Maidə surəsi, 82)
De: “Göyləri və yeri yaradan, (yaratdıqlarını) bəslədiyi halda Özü bəslənməyən Allahdan başqasınımı özümə dost tutacağam?!” De: “Mənə ilk müsəlman olmağım əmr edildi və: “Əsla müşriklərdən olma!” (- deyə buyuruldu)”.
(Ənam surəsi, 14)
Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır.
(Ənam surəsi, 23)
Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!”
(Ənam surəsi, 79)
Rəbbindən sənə vəhy edilənə tabe ol! Ondan başqa heç bir ilah yoxdur. Müşriklərdən də üz çevir!
(Ənam surəsi, 106)
Allahdan qeyrisinə kəsilənlərdən yeməyin! Şübhəsiz ki, bu günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmalarını fısıldayarlar (təlqin edərlər). Əgər onlara uysanız, şübhəsiz, siz də müşrik olarsınız.
(Ənam surəsi, 121)
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
De: “Həqiqətən, Rəbbim məni doğru yola, İbrahimin hənif (Allahın təkliyini qəbul edən) dininə yönəltdi! O, müşriklərdən deyildi”.
(Ənam surəsi, 161)
Allah və Onun elçisindən müqavilə bağladığınız müşriklərə bir xəbərdarlıq!
(Tövbə surəsi, 1)
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və elçisindən insanlara bildiriş! Şübhəsiz, Allah və elçisi müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman etməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənləri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 3)
Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.
(Tövbə surəsi, 4)
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 5)
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman etməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.
(Tövbə surəsi, 6)
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun elçisi yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
(Tövbə surəsi, 7)
Ey iman edənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur.
(Tövbə surəsi, 33)
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 36)
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək elçiyə və möminlərə yaraşmaz.
(Tövbə surəsi, 113)
Hənif olaraq (Allahı bir tutaraq) üzünü dinə çevir və əsla müşriklərdən olma!
(Yunis surəsi, 105)
De: “Bu, mənim yolumdur. Mən Allaha çağırıram. Mən və mənə tabe olanlar açıq-aydın bir dəlilə əsaslanırıq. Allah pak və müqəddəsdir. Mən Allaha şərik qoşanlardan deyiləm!”
(Yusif surəsi, 108)
Sənə əmr olunanı açıq-aydın təbliğ et və müşriklərdən üz çevir!
(Hicr surəsi, 94)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi.
(Nəhl surəsi, 120)
Sonra sənə: “Doğru yola yönələrək İbrahimin dininə tabe ol! O, müşriklərdən deyildi”, - deyə vəhy etdik.
(Nəhl surəsi, 123)
Zina edən bir kişi yalnız zina edən bir qadınla və ya müşrik bir qadınla evlənə bilər. Zina edən qadın da yalnız zina edənlə və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, möminlərə haram edilmişdir.
(Nur surəsi, 3)
Allahın ayələri sənə nazil edildikdən sonra onlar səni bundan döndərməsinlər. (İnsanları) Rəbbinə dəvət et və əsla müşriklərdən olma!
(Qəsas surəsi, 87)
Tövbə edərək Ona yönəlin! Ondan qorxun! Namaz qılın və müşriklərdən olmayın!
(Rum surəsi, 31)
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir.
(Rum surəsi, 32)
De: “Yer üzündə gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın! Onların çoxu müşrik idi.
(Rum surəsi, 42)
Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 73)
De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”
(Fussilət surəsi, 6)
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
(Şura surəsi, 13)
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
(Fəth surəsi, 6)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayət və haqq dinlə göndərən Odur.
(Saff surəsi, 9)
(Belə cavab veriləcək:) “Ayırd etmə gününə qədər!”
(Mürsəlat surəsi, 13)
Kitab əhlindən və müşriklərdən haqqı inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.
(Beyyinə surəsi, 1)
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6
)