Beyyinə surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Kitab əhlindən və müşriklərdən haqqı inkar edənlər özlərinə açıq-aydın dəlil gələnə qədər (küfrdən) ayrılmadılar.
(Beyyinə surəsi, 1)
- Bu dəlil Allah tərəfindən göndərilən və tərtəmiz səhifələri oxuyan bir elçidir.
(Beyyinə surəsi, 2)
- Onların içində doğru və dəyərli hökmlər yazılmışdır.
(Beyyinə surəsi, 3)
- Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil gəldikdən sonra parçalandılar.
(Beyyinə surəsi, 4)
- Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
(Beyyinə surəsi, 5)
- Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6)
- Şübhəsiz ki, iman edib yaxşı əməllər edənlər yaradılanların ən xeyirliləridir.
(Beyyinə surəsi, 7)
- Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.
(Beyyinə surəsi, 8)