Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, iman edənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın mərhəmətini ümid edirlər. Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 218)
Rəbbi də onların duasını qəbul etdi (və dedi:) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır.
(Ali İmran surəsi, 195)
Onlar sizin də özləri kimi inkar edən olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan (heç birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!
(Nisa surəsi, 89)
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
(Nisa surəsi, 97)
Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allah və Onun elçisi yolunda hicrət etmək üçün evindən çıxar, sonra da ölümü çatarsa, onun mükafatını vermək Allaha aiddir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 100)
Şübhəsiz ki, iman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman etdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
(Ənfal surəsi, 72)
İman edib Allah yolunda hicrət edənlər, cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlərə gəldikdə, həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
(Ənfal surəsi, 74)
Sonradan iman edib hicrət edən və sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir. Allahın Kitabında qohumlar (varis olmaqda) bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.
(Ənfal surəsi, 75)
İman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
(Tövbə surəsi, 20)
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (inkar edənlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
(Nəhl surəsi, 41)
Əziyyətə məruz qaldıqdan sonra hicrət edib, sonra da səbir edərək cihad edənləri – bunlardan sonra Rəbbin şübhəsiz ki, bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 110)
Allah yolunda hicrət edib sonra öldürülən, yaxud ölən kimsələrə gəldikdə, əlbəttə, Allah onları gözəl bir ruzi ilə ruziləndirəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən xeyirlisidir.
(Həcc surəsi, 58)
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 22)
Lut da ona iman etdi və: “Şübhəsiz, mən Rəbbimə (Onun əmr etdiyi yerə) hicrət edirəm. Həqiqətən, O, yenilməz qüvvət və hikmət sahibidir!” – dedi.
(Ənkəbut surəsi, 26)
Ey elçi! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və elçi evlənmək istədiyi təqdirdə özünü elçiyə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 50)
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
(Həşr surəsi, 9)
Ey iman edənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları inkar edənlərə geri verməyin! Nə bunlar onlara (inkar edənlərə) halaldır, nə də onlar (inkar edənlər) bunlara halaldır. Onların (inkar edənlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. İnkar edən qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (inkar edənlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Mumtəhənə surəsi, 10
)