Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır.
(Ənam surəsi, 100)
Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 128)
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən elçilər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
(Əraf surəsi, 38)
Ancaq Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Rəbbin onları bunun üçün yaratdı. Rəbbinin: “Həqiqətən, cəhənnəmi məhz cin və insanlarla dolduracağam!” sözü yerinə yetdi.
(Hud surəsi, 119)
Daha əvvəl cinləri də tüstüsüz oddan yaratmışdıq.
(Hicr surəsi, 27)
De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”.
(İsra surəsi, 88)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
(Nəml surəsi, 17)
Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi.
(Nəml surəsi, 39)
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
Mələklər: “Sən pak və müqəddəssən! Bizim dostumuz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə iman etmişdi”, - deyəcəklər.
(Səba surəsi, 41)
(Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər də özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.
(Saffat surəsi, 158)
İnkar edənlər: “Ey Rəbbimiz! Bizi haqq yoldan azdıran cinləri və insanları bizə göstər ki, onları ayaqlarımızın altına salıb cəhənnəmin dibinə göndərək”, - dedilər.
(Fussilət surəsi, 29)
Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən və insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır.
(Əhqaf surəsi, 18)
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar.
(Əhqaf surəsi, 29)
Onlar belə dedilər: “Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və doğru yola yönəldən bir Kitab dinlədik.
(Əhqaf surəsi, 30)
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.
(Zəriyət surəsi, 56)
Cinləri də tüstüsüz oddan yaratdı.
(Rəhman surəsi, 15)
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa, keçin! Qüdrətiniz olmadan əsla keçə bilməzsiniz.
(Rəhman surəsi, 33)
Sizin üstünüzə oddan bir alov və tüstü göndərilər və siz bir-birinizə kömək də edə bilməzsiniz.
(Rəhman surəsi, 35)
O gün insana da, cinə də günahı soruşulmaz.
(Rəhman surəsi, 39)
Orada gözləri ərindən başqasını görməyən qadınlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 56)
Onlara bundan əvvəl nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 74)
(Ey elçi!) De: “Cinlərdən bir dəstənin (oxuduğum Quranı) dinləyib belə dedikləri mənə vəhy olundu: “Biz heyrətamiz bir Quran eşitdik.
(Cin surəsi, 1)
O, doğru yola yönəldir. Ona görə də biz ona iman etdik və əsla heç kimi Rəbbimizə şərik qoşmayacağıq!
(Cin surəsi, 2)
Şübhəsiz ki, Rəbbimizin şanı çox ucadır! Onun nə zövcəsi, nə də övladı vardır.
(Cin surəsi, 3)
Həqiqətən, bizim səfehimiz (İblis) Allah haqqında həddindən artıq yalan danışırmış.
(Cin surəsi, 4)
Halbuki biz insanların və cinlərin Allaha qarşı əsla yalan danışmayacaqlarını zənn etmişdik.
(Cin surəsi, 5)
Həqiqətən, insanlardan bəziləri cinlərdən bəzilərinə sığınır və onların azğınlıqlarını artırırdılar.
(Cin surəsi, 6)
Onlar da sizin kimi Allahın heç kəsi təkrar diriltməyəcəyini zənn etmişdilər.
(Cin surəsi, 7)
Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.
(Cin surəsi, 8)
Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər.
(Cin surəsi, 9)
Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir.
(Cin surəsi, 10)
Bizim aramızda yaxşılar da var, başqa cür olanlar da. Biz müxtəlif yollar tutmuşuq.
(Cin surəsi, 11)
Biz anladıq ki, nə yerdə, nə də göyə qaçaraq Allahı aciz qoya bilərik (Allahın əzabından yaxa qurtara bilmərik).
(Cin surəsi, 12)
Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman etdik. Kim Rəbbinə iman edərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.
(Cin surəsi, 13)
Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.
(Cin surəsi, 14)
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”.
(Cin surəsi, 15)
O, insanların qəlbinə vəsvəsə salar.
(Nas surəsi, 5)
O, cinlərdən də olur, insanlardan da”.
(Nas surəsi, 6
)