Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahla əhd bağladıqdan sonra o əhdi pozan, Allahın birləşdirilməsini əmr etdiklərini kəsən və yer üzündə fitnə-fəsad törədənlər əsil ziyana uğrayanlardır.
(Bəqərə surəsi, 27)
Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb: “Sizə göndərdiyimizi möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız”, - demişdik.
(Bəqərə surəsi, 63)
Onlar: “Cəhənnəm odu bir neçə gündən artıq bizə toxunmayacaq!” – dedilər. De ki: “Allahdan bir vəd almısınız? Əgər elədirsə, Allah heç vaxt Öz vədindən dönməz. Yoxsa Allah haqqında bilmədiyiniz şeylərmi söyləyirsiniz?”
(Bəqərə surəsi, 80)
Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
(Bəqərə surəsi, 83)
Vaxtilə sizdən: “Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz.
(Bəqərə surəsi, 84)
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlbini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman etmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
(Bəqərə surəsi, 93)
Onlar hər dəfə əhd bağladıqlarında onların bir qismi onu pozmadımı?! Əslində, onların çoxu inanmır.
(Bəqərə surəsi, 100)
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu.
(Bəqərə surəsi, 124)
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Xeyr! Kim öz əhdinə vəfa göstərər və (pis əməllərdən) çəkinərsə, (bilsin ki,) həqiqətən, Allah müttəqiləri sevər.
(Ali İmran surəsi, 76)
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 77)
Bir vaxt Allah elçilərdən: “Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir elçi gəldiyi zaman mütləq ona iman edəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi.
(Ali İmran surəsi, 81)
Bir zaman Allah kitab verilənlərdən: “Onu mütləq insanlara açıqlayacaq və gizlətməyəcəksiniz!” – deyə əhd almışdı. Onlar isə bunu qulaqardına vurdular və onu az bir qiymətə satdılar (dəyişdirdilər). Onların alış-verişi necə də pisdir!
(Ali İmran surəsi, 187)
Onu necə geri alarsınız?! Axı, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar.
(Nisa surəsi, 21)
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün qəlbi sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
(Nisa surəsi, 90)
Ey iman edənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
(Maidə surəsi, 1)
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah qəlbdə olanları biləndir.
(Maidə surəsi, 7)
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
(Maidə surəsi, 12)
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
(Maidə surəsi, 13)
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
(Maidə surəsi, 14)
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və onlara elçilər göndərmişdik. Hər dəfə bir elçi onlara, nəfsinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (elçilərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər.
(Maidə surəsi, 70)
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən, onların əksəriyyətinin günahkar kimsələr olduğunu gördük.
(Əraf surəsi, 102)
Onlara əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman edəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”.
(Əraf surəsi, 134)
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?
(Əraf surəsi, 169)
Onlar, səninlə əhd bağladıqdan sonra heç çəkinmədən hər dəfə əhdlərini pozan kimsələrdir.
(Ənfal surəsi, 56)
Şübhəsiz ki, iman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman etdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
(Ənfal surəsi, 72)
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun elçisi yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
(Tövbə surəsi, 7)
Onlardan bəzisi də: “Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər.
(Tövbə surəsi, 75)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir.
(Rad surəsi, 20)
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
(Rad surəsi, 25)
Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin və Allahı şahid göstərərək andları möhkəmləndirdikdən sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir.
(Nəhl surəsi, 91)
Allahın əhdini az bir mənfəət müqabilində satmayın! Əgər bilirsinizsə, şübhəsiz ki, Allah yanında olan sizin üçün daha xeyirlidir.
(Nəhl surəsi, 95)
Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.
(İsra surəsi, 34)
O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!
(Məryəm surəsi, 78)
(O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.
(Məryəm surəsi, 87)
Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik.
(Taha surəsi, 115)
Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər,
(Muminun surəsi, 8)
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.
(Əhzab surəsi, 23)
Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” - dedilər.
(Zuxruf surəsi, 49)
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir.
(Fəth surəsi, 10)
O kəslər ki, əmanətə və verdikləri sözə riayət edərlər.
(Məaric surəsi, 32
)