Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da elçilər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir elçi ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)
Biz o elçilərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman etdi, kimisi də inkar edən oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
(Bəqərə surəsi, 253)
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)
De: “Onu Müqəddəs Ruh iman edənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və onlara müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!”
(Nəhl surəsi, 102)
Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu onun yanına göndərdik, ona tam bir insan surətində göründü.
(Məryəm surəsi, 17)
İsmətini qorumuş olanı da (Məryəmi də yad et)! Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün bir möcüzə etdik.
(Ənbiya surəsi, 91)
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz!
(Səcdə surəsi, 9)
Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”
(Sad surəsi, 72)
Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır.
(Zumər surəsi, 42)
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir.
(Mömin surəsi, 15)
Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12
)