Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)
Şübhəsiz ki, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
(Həcc surəsi, 23)
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)
(Onların mükafatı) daxil olacaqları Ədn cənnətləridir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzənərlər. Oradakı paltarları da ipəkdəndir.
(Fatir surəsi, 33)
Qorunub saxlanılan inci kimi gənc (xidmətçi) oğlanlar onların ətrafında dolanacaqlar.
(Tur surəsi, 24)
Hər ikisindən də inci və mərcan çıxar.
(Rəhman surəsi, 22)
Onlar qorunub saxlanan inci kimidirlər.
(Vaqiə surəsi, 23)
Onların ətrafında həmişə gənc olan cavanlar dolanırlar. Onları gördüyün zaman səpələnmiş inci olduqlarını zənn edərsən.
(İnsan surəsi, 19
)