Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Namazı qılın, zəkatı verin! Özünüz üçün öncədən hazırlayıb göndərdiyiniz hər bir yaxşı əməli (yaxşı əməlin mükafatını) Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir.
(Bəqərə surəsi, 110)
Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 148)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Bəqərə surəsi, 189)
Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
(Bəqərə surəsi, 195)
Xoşunuza gəlməsə də, cihad sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.
(Bəqərə surəsi, 216)
Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır.
(Bəqərə surəsi, 271)
De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən!
(Ali İmran surəsi, 26)
O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər.
(Ali İmran surəsi, 134)
Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə özündəndir. (Ey Rəsulum!) Səni insanlara elçi olaraq göndərdik. (Buna) şahid olaraq Allah yetər.
(Nisa surəsi, 79)
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.
(Nisa surəsi, 114)
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər. Allah İbrahimi Özünə dost tutmuşdur.
(Nisa surəsi, 125)
Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir.
(Nisa surəsi, 149)
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 48)
Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir.
(Yunis surəsi, 107)
Gündüzün iki başında (əvvəlində və axırında) namaz qıl və gecənin bəzi saatlarında ibadət (islama xidmət) et! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
(Hud surəsi, 114)
Həqiqətən, Allah pis işlərdən çəkinən və yaxşı işlər görənlərlə birlikdədir.
(Nəhl surəsi, 128)
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
Ey iman edənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!
(Həcc surəsi, 77)
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar.
(Muminun surəsi, 61
)