Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Heç bir elçiyə əmanətə xəyanət etmək yaraşmaz. Kim əmanətə (dövlət malına) xəyanət edərsə, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra hər kəsə (dünyada) qazandığının əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Ali İmran surəsi, 161)
Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma!
(Nisa surəsi, 105)
Özlərinə xəyanət edən kimsələr üçün mübahisə etmə! Şübhəsiz ki, Allah günahkar xain kimsəni sevməz.
(Nisa surəsi, 107)
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
(Maidə surəsi, 13)
Ey iman edənlər, bilə-bilə Allaha, elçiyə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!
(Ənfal surəsi, 27)
Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
(Ənfal surəsi, 58)
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də (Allah sənə) onlara qarşı (öldürmə və əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Ənfal surəsi, 71)
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
(Yusif surəsi, 52)
Şübhəsiz ki, Allah iman edənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz.
(Həcc surəsi, 38)
Allah xain baxışları və qəlbin gizlətdiyini bilir.
(Mömin surəsi, 19)
Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.
(Təhrim surəsi, 10
)