Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu.
(Maidə surəsi, 31)
Qəlbində xəstəlik olan kimsələrin: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) qəlbində gizlətdikləri şeyə görə peşman olarlar.
(Maidə surəsi, 52)
Onlar (buzova sitayiş etməkdən) peşman olub haqq yoldan azdıqlarını gördükləri zaman dedilər: “Əgər Rəbbimiz bizə mərhəmət etməsə və bizi bağışlamasa, həqiqətən, biz ziyana uğrayanlardan olacağıq”.
(Əraf surəsi, 149)
(Şirk qoşaraq özünə) zülm edən hər bir kəs yer üzündəki hər şeyə sahib olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq hamısını fəda edərdi. Onlar əzabı gördükləri zaman dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm olunar və onlara haqsızlıq edilməz.
(Yunis surəsi, 54)
Allah buyurdu: “Onlar tezliklə mütləq peşman olacaqlar!”
(Muminun surəsi, 40)
Ancaq onlar onu tutub kəsdilər, sonra da peşman oldular.
(Şuəra surəsi, 157)
Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz inkar edənlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Səba surəsi, 33)
Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.
(Hucurat surəsi, 6
)