"ŞUAYB (Ə.S.) VƏ MƏDYƏN XALQI" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Mədyən qövmünə də qardaşları Şüeybi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman etmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
(Əraf surəsi, 85)
Allaha iman edənləri qorxutmaq, Onun yolundan döndərmək və onu (Allah yolunu) əyib-bükmək məqsədilə hər yolun başında əyləşməyin! Xatırlayın ki, bir zaman siz az idiniz, O sizi çoxaltdı. Bax gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
(Əraf surəsi, 86)
Əgər sizdən bir qrup mənimlə birlikdə göndərilənə (Allahın hökmlərinə) iman etmiş, bir qrup isə iman etməmişsə, Allah aramızda hökm verənə qədər səbir edin! O, hökm verənlərin ən yaxşısıdır”.
(Əraf surəsi, 87)
Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni və səninlə birlikdə iman edənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!
(Əraf surəsi, 88)
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
Qövmünün inkar edən başçıları dedilər: “Əgər siz Şüeybə uysanız, o zaman həqiqətən, ziyana uğrayarsınız!”
(Əraf surəsi, 90)
Beləliklə, onları dəhşətli bir zəlzələ bürüdü və öz yurdlarında diz üstə düşüb qaldılar.
(Əraf surəsi, 91)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm və sizi bürüyəcək bir günün əzabından qorxuram.
(Hud surəsi, 84)
Onlar sanki orada heç yaşamamışdılar. Bilin ki, Mədyən qövmü də Səmud qövmü kimi (Allahın mərhəmətindən) uzaq oldu.
(Hud surəsi, 95)
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
(Şüeybin qövmü olan) Mədyən xalqı da (elçisini yalanlamışdı). Musa da yalanlanmışdı. Buna görə də inkar edənlərə möhlət verdim, sonra da onları yaxaladım. Bəs Mənim inkar etməyim (cəzalandırmağım) necədir!
(Həcc surəsi, 44)
Musa Mədyənə tərəf üz tutduğu zaman: “Ümid edirəm ki, Rəbbim məni doğru yola yönəldər”, - dedi.
(Qəsas surəsi, 22)
Mədyənin su quyusuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan başqa heyvanlarının suya getməsinə mane olan iki qız da görüb onlara dedi: “Sizin dərdiniz nədir?” Onlar: “Çobanlar gedənə qədər heyvanlarımıza su vermirik. Atamız da çox yaşlıdır”, - dedilər.
(Qəsas surəsi, 23)
Lakin Biz neçə-neçə nəsillər yaratdıq ki, onların üzərindən uzun zaman keçdi. Sən Mədyən xalqı arasında yaşayıb ayələrimizi onlara oxumurdun. Lakin Biz (bu xəbərləri sənə) göndəririk.
(Qəsas surəsi, 45)
Mədyənə də qardaşları Şüeybi (elçi göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Qiyamət gününə ümid bəsləyin və yer üzündə fitnə-fəsad çıxararaq qarışıqlıq törətməyin!” - demişdi.
(Ənkəbut surəsi, 36
)