Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
(Bəqərə surəsi, 208)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)
Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Ali İmran surəsi, 85)
Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman etsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman edənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
(Ali İmran surəsi, 110)
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 3)
Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman etməyənləri bu şəkildə əzaba məruz qoyar.
(Ənam surəsi, 125)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.
(Zumər surəsi, 22)
Ey iman edənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.
(Məhəmməd surəsi, 7)
Bədəvi ərəblər: “Biz iman etdik!” - dedilər. De ki: “Siz iman etməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlbinizə girməmişdir. Əgər Allaha və Onun elçisinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”.
(Hucurat surəsi, 14)
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” – deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz və şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
(Hədid surəsi, 14)
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
(Saff surəsi, 7)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayət və haqq dinlə göndərən Odur.
(Saff surəsi, 9)
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”
(Cümə surəsi, 11)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6
)