Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
(Bəqərə surəsi, 187)
Heç bir elçiyə əmanətə xəyanət etmək yaraşmaz. Kim əmanətə (dövlət malına) xəyanət edərsə, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra hər kəsə (dünyada) qazandığının əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Ali İmran surəsi, 161)
Özlərinə xəyanət edən kimsələr üçün mübahisə etmə! Şübhəsiz ki, Allah günahkar xain kimsəni sevməz.
(Nisa surəsi, 107)
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
(Maidə surəsi, 13)
Ey iman edənlər, bilə-bilə Allaha, elçiyə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!
(Ənfal surəsi, 27)
Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
(Ənfal surəsi, 58)
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də (Allah sənə) onlara qarşı (öldürmə və əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Ənfal surəsi, 71)
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
(Yusif surəsi, 52)
Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.
(Təhrim surəsi, 10)
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
(Fəcr surəsi, 16
)