Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman edin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)
Daha əvvəl inkar edənlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab gəlib bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti inkar edənlərin üzərinə olsun!
(Bəqərə surəsi, 89)
O sənə Kitabı, haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq (hissə-hissə) nazil etdi. O, Tövratı və İncili nazil etdi -
(Ali İmran surəsi, 3)
Allah ona (İsaya) kitabı, hikməti, Tövratı və İncili öyrədəcək.
(Ali İmran surəsi, 48)
Məndən əvvəl göndərilən Tövratı təsdiqləyici olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Sizə, Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!
(Ali İmran surəsi, 50)
Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Halbuki Tövrat və İncil ondan sonra nazil edilmişdir. Siz heç düşünmürsünüzmü?
(Ali İmran surəsi, 65)
Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub elçisin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”
(Ali İmran surəsi, 93)
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman edin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
(Nisa surəsi, 47)
İçində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər?! Sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman etmiş kimsələr deyillər.
(Maidə surəsi, 43)
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş elçilər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil inkar edənlərdir.
(Maidə surəsi, 44)
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
(Maidə surəsi, 45)
Onların ardınca, özündən əvvəlki Tövratı təsdiqləyən Məryəm oğlu İsanı göndərdik. Ona, müttəqilər üçün doğru yol və nəsihət olaraq özündən əvvəlki Tövratı təsdiqləyən və içində haqq yol və nur olan İncili verdik.
(Maidə surəsi, 46)
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
(Maidə surəsi, 66)
De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə (Qurana) əməl etməyincə bir şey (doğru yol) üzərində olmazsınız!” Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də inkar edən qövm üçün kədərlənmə!
(Maidə surəsi, 68)
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
(Maidə surəsi, 110)
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi (təhsili olmayan) elçi olan rəsula tabe olanlara o elçi yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki zincirləri götürər. O kəslər ki, elçiyə iman edər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır!
(Əraf surəsi, 157)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
De: “Əgər doğru söyləyirsinizsə, onda Allah dərgahından, bu ikisindən daha doğru bir kitab gətirin ki, mən də ona tabe olum”.
(Qəsas surəsi, 49)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir elçini müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.
(Saff surəsi, 6)
Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz.
(Cümə surəsi, 5
)